27 aprel 2026 18:57
148

Erkən diaqnostika və müasir tibb ürək-damar xəstəlikləri ilə mübarizədə həlledici rol oynayır

Kardioloq: Müntəzəm müayinələr, yeni texnologiyalar və profilaktika ürək-damar xəstəliklərinin qarşısının alınmasında əsas faktorlardır

Ürək-damar xəstəliklərinin (ÜDX) qarşısının alınmasında erkən diaqnostika və müntəzəm tibbi müayinələr ən effektiv və sübut olunmuş yanaşmalar hesab olunur. Mütəxəssislərin fikrincə, bu üsullar yalnız xəstəliyin vaxtında aşkarlanmasına deyil, həm də risk faktorlarının erkən mərhələdə idarə edilməsinə imkan yaradır.

Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Şəfəq Nəzirova “İki sahil”ə özəl açıqlamasında  bildirib ki, erkən diaqnostika və müntəzəm tibbi müayinələr ürək-damar xəstəliklərinin qarşısının alınmasında ən effektiv və sübut olunmuş yanaşmalardan biridir. Onun sözlərinə görə, bu yanaşmanın əsas üstünlüyü təkcə xəstəliyin erkən aşkarlanması deyil, həm də risk faktorlarının vaxtında idarə olunmasıdır.

Kardioloq qeyd edib ki, aparılan araşdırmalara əsasən, müntəzəm müayinələr ÜDX-dən ölüm riskini 20–40 faizədək azalda bilir. Eyni zamanda infarkt və insult hallarının azalmasına, xəstəliyin ağır mərhələyə keçməsinin qarşısının alınmasına şərait yaradır. Xüsusilə hipertoniya, dislipidemiya və 2-ci tip şəkərli diabet kimi xəstəliklər erkən mərhələdə aşkar edildikdə nəticələr daha effektiv olur.

Onun sözlərinə görə, ÜDX-nin əsas təhlükəsi onun illərlə simptomsuz inkişaf etməsidir.  “Bir çox hallarda ilk klinik əlamət infarkt və ya insult kimi ağır vəziyyətlər olur. Buna görə müntəzəm müayinələr gizli riskləri üzə çıxararaq xəstəlik başlamadan əvvəl müdaxilə imkanı yaradır,” - deyə Ş. Nəzorova bildirib. Mütəxəssis əlavə edib ki, müasir tibb və texnologiya ÜDX ilə mübarizədə əvvəlki onilliklərlə müqayisədə xeyli daha geniş imkanlar yaradıb. Stent və angioplastika, bypass əməliyyatları, TAVI üsulu ilə qapaq dəyişimi və kardiostimulyator cihazları artıq daha təhlükəsiz və effektiv şəkildə tətbiq olunur. Bu yanaşmalar infarkt və ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır.

Dərman müalicəsində də ciddi irəliləyişlər əldə olunub. Yeni nəsil antikoaqulyantlar daha təhlükəsizdir, statinlər və PCSK9 inhibitorları xolesterini effektiv şəkildə azaldır, SGLT2 inhibitorları isə ürək çatışmazlığında sağ qalımı artırır. Ş. Nəzorova bildirib ki, erkən diaqnostika sahəsində CT angiografiya, kardio-MR, genetik testlər və wearable cihazlar risklərin vaxtında müəyyən edilməsinə imkan yaradır. Süni intellekt texnologiyaları EKG və görüntüləri analiz edərək gizli riskləri üzə çıxarır, tele-tibb isə xəstələrin uzaqdan izlənməsini təmin edir.

Onun sözlərinə görə, bütün bu texnoloji imkanlara baxmayaraq, ən vacib amil profilaktikadır: “Siqaretin azaldılması, sağlam qidalanma, fiziki aktivlik və qan təzyiqi, şəkər və xolesterinin nəzarətdə saxlanması ÜDX hallarının böyük hissəsinin qarşısını almağa imkan verir.”
Kardioloq yekunda vurğulayıb ki, müasir tibb ÜDX sahəsində böyük ümidlər yaratsa da, əsas nəticə texnologiyadan deyil, erkən diaqnostika, düzgün həyat tərzi və davamlı müalicənin vəhdətindən asılıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”