26 aprel 2026 11:30
116

Azərbaycan–Ukrayna iqtisadi əməkdaşlığı yeni mərhələyə keçir

Prezident cənab İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, xüsusilə iqtisadi müstəvidə də yeni mərhələyə keçdiyini göstərən mühüm mesajlarla zəngindir. Bəyanatda yer alan tezislər Azərbaycan–Ukrayna əməkdaşlığının strateji çərçivəsini təsdiqləməklə yanaşı, iqtisadi əlaqələrin dərinləşdirilməsinin prioritet istiqamətə çevrildiyini açıq şəkildə ortaya qoyur.

İlk diqqət çəkən məqam prezidentlər arasında təmasların intensivliyidir. Son dörd ildə yeddi görüşün keçirilməsi tərəflər arasında yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter aldığını göstərir. Bu dinamika iqtisadi əməkdaşlıq üçün də etibarlı zəmin yaradır. Çünki beynəlxalq təcrübə göstərir ki, davamlı siyasi təmaslar və qarşılıqlı etimad iqtisadi layihələrin reallaşmasını sürətləndirən əsas amillərdəndir. Liderlər səviyyəsində formalaşan bu etimad mühiti biznes dairələri üçün də əlavə təminat rolunu oynayır. Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın əsas dayaqlarından biri güclü hüquqi baza üzərində qurulmasıdır. 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri yalnız siyasi deyil, eyni zamanda iqtisadi münasibətlərin inkişafı üçün də institusional çərçivə yaradır. Bu sənədlərdə əksini tapan qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipi tərəflər arasında uzunmüddətli və etibarlı iqtisadi tərəfdaşlıq üçün mühüm təminatdır. Bu, xüsusilə regional qeyri-sabitlik fonunda investisiya risklərinin azaldılması baxımından əhəmiyyətlidir.

Energetika sahəsi Azərbaycan–Ukrayna iqtisadi əməkdaşlığının lokomotivi kimi çıxış edir. SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi bu əməkdaşlığın praktik və davamlı xarakter daşıdığını təsdiqləyir. Şirkətin yanacaq bazarında mövqeyi, logistika və paylama şəbəkəsi iki ölkə arasında iqtisadi inteqrasiyanın real nümunəsidir. Bununla yanaşı, yeni birgə layihələrin, o cümlədən enerji təchizatı, neft-qaz məhsullarının emalı və alternativ enerji sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzindədir. Qlobal enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycan Ukrayna üçün etibarlı tərəfdaş kimi çıxış edir. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi müsbət dinamikanın göstəricisidir, lakin mövcud potensial bununla məhdudlaşmır. Hər iki ölkənin iqtisadi strukturu qarşılıqlı tamamlayıcılıq xüsusiyyətinə malikdir. Azərbaycanın enerji resursları və logistika imkanları ilə Ukraynanın sənaye və kənd təsərrüfatı potensialı arasında sinerji yaratmaq mümkündür. Xüsusilə aqrar məhsulların tədarükü, qida sənayesi, nəqliyyat-logistika dəhlizləri və sənaye kooperasiyası sahələrində əməkdaşlığın genişləndirilməsi real perspektivlər vəd edir. Bu kontekstdə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr iqtisadi gündəliyin sistemli şəkildə irəli aparılmasına xidmət edir. Bu platformalar vasitəsilə konkret layihələrin müzakirəsi, investisiya təşəbbüslərinin təşviqi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Növbəti iclasların Ukraynada keçirilməsi planı əməkdaşlığın coğrafi və institusional baxımdan genişləndiyini göstərir. Hərbi-texniki əməkdaşlıq da iqtisadi aspektdən diqqətəlayiqdir. Müdafiə sənayesində birgə istehsal imkanları yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, eyni zamanda sənaye inkişafına, texnologiya transferinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir. Hər iki ölkənin bu sahədə mövcud istehsal bazası əməkdaşlığın dərinləşdirilməsi üçün real zəmin yaradır. Bəyanatda vurğulanan əsas məqamlardan biri də qarşılıqlı investisiyaların təşviqidir. Bu, xüsusilə post-münaqişə və yenidənqurma dövründə olan regionlarda yeni iqtisadi imkanların yaranması ilə daha актуal xarakter alır. Azərbaycan şirkətləri Ukraynada, Ukrayna biznes dairələri isə Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətlərini genişləndirə bilər. Bu isə iqtisadi əlaqələrin yalnız ticarətlə məhdudlaşmayaraq investisiya əməkdaşlığı mərhələsinə keçdiyini göstərir.

Ümumilikdə, Prezident cənab İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri iqtisadi baxımdan keyfiyyətcə yeni mərhələyə daxil olur. Güclü siyasi iradə, formalaşmış hüquqi baza və mövcud iqtisadi potensial bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini deməyə əsas verir. Energetika, ticarət, sənaye və investisiya sahələrində atılacaq addımlar iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək. Bu səfər bir daha təsdiq edir ki, Bakı və Kiyev yalnız siyasi müttəfiq deyil, eyni zamanda qarşılıqlı faydalı iqtisadi tərəfdaş kimi çıxış edir. Mövcud reallıqlar və qlobal çağırışlar fonunda bu əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin milli maraqlarına tam cavab verir və uzunmüddətli inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.

Tahir Mirkişili,

Milli Məclisin deputatı