Azərbaycan-Ukrayna münasibətlərinin ana xəttini ölkələrin suverenliyi və ərazi bütövlüyünə verilən qarşılıqlı dəstək təşkil edir. Hələ 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu gün də öz aktuallığını qoruyur. Hər iki dövlət beynəlxalq platformalarda sərhədlərin toxunulmazlığı məsələsində vahid mövqedən çıxış edir. Bu prinsipial yanaşma beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin nümunəsidir. Keçən il Bakıda keçirilən XİN-lərarası məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclası siyasi dialoqun praktiki müstəvidə də uğurla davam etdiyini göstərir.
Səfərin iqtisadi aspekti də xüsusi diqqətə layiqdir. Azərbaycan regionun enerji mərkəzlərindən biri kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün ticarət dövriyyəmizin yarım milyard dolları ötməsi mühüm nailiyyət olsa da, hər iki ölkənin potensialı bu rəqəmin qat-qat artırılmasına imkan verir. Görüşdə xüsusilə energetika sahəsində birgə layihələr, investisiya qoyuluşları və yeni təşəbbüslər ətrafında aparılan müzakirələr yaxın gələcəkdə iqtisadi bağlarımızın daha da şaxələnəcəyindən xəbər verir. Hökumətlərarası Komissiyanın aktiv fəaliyyəti isə iqtisadi gündəliyin şaxələndirilməsinə xidmət edir.
Humanitar və mədəni əlaqələr də münasibətlərin mühüm tərkib hissəsidir. Ukraynada yaşayan azərbaycanlı diasporu və Azərbaycanda fəaliyyət göstərən ukraynalı icma iki xalq arasında körpü rolunu oynayır. Təhsil, mədəniyyət və elm sahəsində əməkdaşlıq əlaqələrin dərinləşdirilməsinə töhfə verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu görüş Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə oldu. İki ölkə arasındakı münasibətlər yalnız bu günü deyil, həm də gələcəyi hədəfləyən, regionda sülh və sabitliyə xidmət edən bir tərəfdaşlıq modelidir. İnanırıq ki, əldə olunmuş razılaşmalar xalqlarımızın rifahı və dövlətlərimizin qüdrətlənməsi yolunda yeni üfüqlər açacaqdır.
Anar Məmmədov,
Milli Məclisin deputatı