Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında inkişaf etmişdir. Hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm vermiş, beynəlxalq platformalarda bir-birinin mövqelərini ardıcıl şəkildə dəstəkləmişdir. Bu münasibətlər zamanın sınağından çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amillərdən birinə çevrilmişdir.
2026-cı il aprelin 25-də Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və verilən bəyanatlar bu tərəfdaşlığın dinamik inkişafını bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin dərin köklərə və möhkəm siyasi təmələ əsaslandığını xüsusi vurğuladı.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Ukrayna liderlərinin görüşləri müntəzəm xarakter daşıyır və bu dialoq əlaqələrin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, əməkdaşlığın çox güclü siyasi təməli mövcuddur və bu təməl konkret hüquqi sənədlərlə daha da möhkəmləndirilmişdir. Belə ki, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda strateji tərəfdaşlığa dair iki mühüm sənəd imzalanmışdır. Bu sənədlər ölkələr arasında münasibətlərin əsas istiqamətlərini müəyyən etməklə yanaşı, qarşılıqlı fəaliyyətin prinsipial əsaslarını da özündə ehtiva edir.
Həmin sənədlərdə Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstək açıq şəkildə ifadə olunmuşdur. Bu prinsipial mövqe bu gün də aktual olaraq qalır və hər iki dövlət tərəfindən qətiyyətlə müdafiə olunur. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı şəkildə bu prinsipləri dəstəkləyir və gələcəkdə də bu mövqedən çıxış edəcəkdir.
İqtisadi əməkdaşlıq da iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir. Bu baxımdan Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi xüsusi qeyd olundu. SOCAR-ın Ukrayna bazarında fəaliyyəti enerji sahəsində əməkdaşlığın genişlənməsinə, eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.
Bununla yanaşı, tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərini də müzakirə etmişlər. Prezident İlham Əliyev bu sahədə fikir mübadiləsinin aparıldığını və böyük perspektivlərin mövcud olduğunu bildirdi. Qeyd olundu ki, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq həm ikitərəfli münasibətlərin dərinləşməsinə, həm də regional sabitliyin təmin olunmasına xidmət edə bilər.
Ümumilikdə, Ukrayna Prezidentinin Azərbaycana səfəri və keçirilən görüşlər bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və çoxşaxəli əməkdaşlıq gündəliyi ilə zəngindir. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji sahələrində uğurlu layihələr, eləcə də təhlükəsizlik istiqamətində perspektivlər Azərbaycan-Ukrayna tərəfdaşlığının gələcəkdə daha da inkişaf edəcəyini deməyə əsas verir.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Azərbaycan-Ukrayna münasibətlərində siyasi etimad və çoxtərəfli əməkdaşlıq modeli
Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara verilən beynəlxalq qiymət