“İspaniyanın Gernika şəhərinin faciəsi ilə bağlı tarixi yaddaşı əks etdirən “Sülh və Barışıq üçün Gernika mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması təkcə simvolik hadisə deyil, eyni zamanda Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara verilən beynəlxalq qiymətin bariz ifadəsidir. Bu mükafat ənənəvi olaraq münaqişələrin qarşısının alınmasına, dialoqun təşviqinə və barışığın möhkəmləndirilməsinə töhfə verən siyasi liderlərə təqdim olunur”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bu gün həmin qərar xüsusilə Cənubi Qafqaz kontekstində xüsusi məna kəsb edir. Çünki uzun illər gərginlik məkanı kimi tanınan region artıq postmünaqişə mərhələsinə qədəm qoyur. Bu mərhələdə əsas məsələ yalnız münaqişənin başa çatması deyil, həm də davamlı sülh modelinin qurulmasıdır. Məhz bu amil Azərbaycanın həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini şərtləndirir. Son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mürəkkəb, lakin strateji baxımdan ardıcıl bir yol keçib - ərazi bütövlüyünün bərpasından başlayaraq uzunmüddətli sülh gündəliyinin formalaşdırılmasına qədər. Bu proses çərçivəsində təhlükəsizlik məsələləri ilə yanaşı, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, infrastrukturun yenidən qurulması və regionun iqtisadi inteqrasiyasına xidmət edən layihələrin həyata keçirilməsi prioritet istiqamətlər kimi çıxış edir. Eyni zamanda, diplomatik müstəvidə də ardıcıl addımlar atılır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan dialoqu təşviq edərək münasibətlərin normallaşdırılması istiqamətində konkret təşəbbüslərlə çıxış edir. Sərhədlərin delimitasiyası üzrə danışıqların aparılması, sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələr bu siyasətin praktik nəticələr verdiyini göstərir. “Bu baxımdan, Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi daha geniş bir tendensiyanı əks etdirir — Azərbaycanın yalnız milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi deyil, eyni zamanda regional sabitliyin təmin olunmasına töhfə verən məsuliyyətli aktor kimi qəbul edildiyini göstərir. Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə belə nümunələr xüsusi əhəmiyyət daşıyır”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqət çəkən mühüm məqamlardan biri də çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursudur. Enerji təhlükəsizliyinə töhfə verən layihələr, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, müxtəlif platformalarda fəal iştirak Azərbaycanın mövqelərini daha da gücləndirib və onu etibarlı tərəfdaş kimi önə çıxarıb.
“Bütün bunların fonunda təqdim olunan mükafat təsadüfi deyil, aparılan siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu, həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın seçdiyi inkişaf və əməkdaşlıq yoluna verdiyi dəstəyin göstəricisidir. Nəticə etibarilə, bu mükafat yalnız bir təltif deyil, həm də regionumuzun keçmiş münaqişə mərhələsindən əməkdaşlıq və inkişaf mərhələsinə keçidini simvolizə edən mühüm göstəricidir və Azərbaycanın bu prosesdə oynadığı rolu bir daha təsdiqləyir”,-deyə deputat vurğulayıb.
Azərbaycan-Ukrayna münasibətlərində siyasi etimad və çoxtərəfli əməkdaşlıq modeli
Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının dərinləşdirilməsi: yüksək səviyyəli görüşlər və perspektivlər