27 aprel 2026 15:45
116

Azərbaycan-Ukrayna münasibətlərində siyasi etimad və çoxtərəfli əməkdaşlıq modeli

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan ilə Ukrayna arasında dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlər qarşılıqlı hörmət, suverenliyə dəstək və ortaq maraqlar üzərində formalaşaraq davamlı inkişaf edir. Tarixi bağlılıqlar, siyasi etimad və çoxtərəfli əməkdaşlıq ənənələri ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə, regional və beynəlxalq müstəvidə tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Xüsusilə ali səviyyədə qurulan fəal siyasi dialoq Azərbaycan-Ukrayna əlaqələrinin yeni məzmun qazanmasında əsas hərəkətverici amillərdən biri kimi çıxış edir.     

Azərbaycan Respublikası ilə Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələr üzrə inkişafına mühüm təkan verir, münasibətlərimizin məzmunca daha da zənginləşməsi üçün əlverişli zəmin yaradır.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli təmaslar və imzalanan sənədlər xüsusi əhəmiyyət daşıyaraq əməkdaşlığın strateji xarakterini daha da gücləndirir.

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfər  etdi.

Səfər çərçivəsində dövlət başçıları təkbətək və geniş formatda görüşlər keçirdilər, mətbuata bəyanatla çıxış etdilər.

Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı dinamikasını və gələcək inkişaf istiqamətlərini aydın şəkildə göstərdi. Dövlət başçımızın vurğuladığı məqamlar göstərir ki, Bakı ilə Kiyev arasında əməkdaşlıq artıq ənənəvi dostluq münasibətlərindən daha geniş geosiyasi məzmun qazanıb.

Prezident İlham Əliyev son dörd ildə prezidentlər səviyyəsində yeddi görüşün keçirildiyini xatırlatdı. Ali səviyyədə keçirilən bu görüşlər Azərbaycan-Ukrayna münasibətlərinin intensiv və davamlı xarakter daşıdığının göstəricisidir. Bu təmasların bir hissəsinin beynəlxalq platformalar çərçivəsində baş tutması tərəflərin yalnız ikitərəfli gündəlik üzrə deyil, regional və qlobal məsələlər fonunda da koordinasiyalı fəaliyyət göstərdiyini nümayiş etdirir.

2019-cu ildən etibarən Prezident Zelenskinin Azərbaycana ilk səfəri ilə başlanmış intensiv siyasi təmaslar, eləcə də Prezident İlham Əliyevin 2022-ci ildə Kiyevə səfəri  ölkələrimiz arasında yüksək səviyyəli siyasi etimad mühitinin formalaşmasında mühüm rol oynayıb. Dövlət başçımızın bəyanatda bu görüşlərə xüsusi istinad etməsi ölkələrimiz arasında mövcud münasibətlərin şəxsi lider diplomatiyası vasitəsilə əlavə impuls qazandığını göstərir.

Prezident İlham Əliyevin 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədlərinə istinad etməsi Azərbaycan-Ukrayna münasibətlərinin dərin hüquqi-siyasi bazaya söykəndiyini bir daha təsdiqləyir. Həmin sənədlərdə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin yer alması bu əməkdaşlığın prinsipial mahiyyətini müəyyən edir.

Bu yanaşma həm də beynəlxalq münasibətlər sistemində ortaq mövqelərin ifadəsidir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək bu strateji xəttin çoxtərəfli diplomatiyada davam etdiyini göstərir.

Cənab Prezident ötən il Bakıda Xarici İşlər nazirlikləri arasında keçirilən məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclasını xatırlatdı. Bu kimi tədbirlərin keçirilməsi əməkdaşlığımızın yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, praktiki institusional mexanizmlərlə də möhkəmləndiyini göstərir. Dövlət başçımız bu formatların növbəti mərhələdə Ukraynada davam etdirilməsi ilə bağlı müzakirələr aparıldığını bildirdi. 

Prezident İlham Əliyevin bəyanatında energetika sahəsi xüsusi vurğuladı. SOCAR-ın Ukraynada uzunmüddətli fəaliyyəti iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq formalaşmış və sınaqdan çıxmış modelə çevrildiyini göstərir.

Bununla yanaşı, birgə layihələr, sərmayə qoyuluşu və ticarət dövriyyəsinin artırılması ilə bağlı səsləndirilən fikirlər münasibətlərin iqtisadi komponentinin genişlənməsi üçün ciddi potensial olduğunu göstərir. Yarım milyard dolları ötən ticarət dövriyyəsi mövcud imkanların yalnız başlanğıc göstəricisidir.

Prezident İlham Əliyev bəyanatda hərbi-texniki əməkdaşlıqla bağlı perspektivlərdən də bəhs etdi. Hər iki ölkədə müdafiə sənayesinin inkişafı birgə istehsal, texnologiya transferi və sənaye kooperasiyası üçün real imkanlar yaradır.

Bu da Azərbaycan-Ukrayna münasibətlərinin təhlükəsizlik və müdafiə müstəvisində də strateji məzmunda dərinləşdiyini göstərir. Xüsusilə regional təhlükəsizlik çağırışları fonunda bu istiqamət əlavə əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri bu gün yalnız dostluq və tərəfdaşlıq müstəvisində deyil, daha geniş geosiyasi əməkdaşlıq kontekstində inkişaf edir. Müntəzəm siyasi dialoq, möhkəm hüquqi baza, iqtisadi və enerji əməkdaşlığı, həmçinin müdafiə sahəsində perspektivlər bu münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə çıxarır.

Bu baxımdan Prezident Zelenskinin səfəri və onun fonunda səsləndirilən mesajlar iki ölkə arasında əməkdaşlığın gələcək konturlarını müəyyən edən mühüm siyasi hadisədir. Şübhəsiz ki, bu səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və yeni strateji imkanların açılmasına mühüm töhfə verəcək

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini