27 aprel 2026 15:50
137

Çin "Meta"nın süni intellekt startapı "Manus"un alınmasını bloklayıb

Çin hakimiyyətinin ABŞ-ın texnologiya nəhəngi "Meta" tərəfindən Sinqapurda qeydiyyatdan keçmiş "Manus" adlı süni intellekt startapının alınmasını bloklaması beynəlxalq texnologiya bazarında diqqət çəkən hadisələrdən birinə çevrilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters", CNBC və "Financial Times" kimi nüfuzlu media qurumları məlumat yayıb.

Məlumata görə, sözügedən qərar Çinin Milli İnkişaf və İslahat Komissiyası tərəfindən aparılan yoxlamadan sonra qəbul edilib. Rəsmi qurum razılaşmanın niyə bloklandığını açıqlamasa da, bu addımın arxasında strateji və təhlükəsizlik amillərinin dayandığı ehtimal olunur.

"Meta" şirkəti "Manus"u 2025-ci ilin dekabrında 2 milyard dollar dəyərində müqavilə ilə almaq niyyətini açıqlamışdı. Startap süni intellekt agentlərinin hazırlanması ilə məşğuldur və ilk belə məhsulunu ötən il təqdim edib. Məlumatlara görə, şirkət artıq "Manus"un texnologiyalarını öz alətlərinə inteqrasiya etməyə başlamışdı.

Qeyd edilir ki,"Manus" əvvəlcə Çində yaradılıb, lakin sonradan Sinqapurda yenidən qeydiyyatdan keçib. Bu isə bir çox texnologiya şirkətinin istifadə etdiyi strategiyadır: yəni daha əlverişli hüquqi mühit əldə etmək və böyük dövlətlərin nəzarət mexanizmlərindən qismən yayınmaq.

Lakin bu hadisə göstərir ki, belə yanaşmalar hər zaman effektiv olmur. Xüsusilə süni intellekt kimi strateji sahədə dövlətlər texnologiyaların xaricə ötürülməsinə qarşı daha həssas yanaşır. ABŞ və Çin arasında artan texnoloji rəqabət fonunda bu cür sövdələşmələr əlavə siyasi risklər daşıyır.

Ekspertlərin fikrincə, bu qərar yüksək texnologiya sektorunda fəaliyyət göstərən sahibkarlar və investorlar arasında narahatlıq yaradıb. Çünki bir çoxları Sinqapur kimi ölkələrdə qeydiyyat vasitəsilə həm ABŞ, həm də Çin tərəfindən tətbiq olunan məhdudiyyətlərdən yayınmağı mümkün hesab edirdi.

Beləliklə, bu hadisə süni intellekt bazarında qlobal inteqrasiyanın getdikcə çətinləşdiyini və texnoloji əməkdaşlığın geosiyasi amillərdən daha çox asılı hala gəldiyini bir daha nümayiş etdirir.