28 aprel 2026 10:05
205

Nyu-York merinin ermənipərəstliyi

Nyu-York şəhərinin meri Zohran Kvame Mamdani “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, o cümlədən 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə reallıqdan uzaq fikirlər paylaşıb. Halbuki onun söylədikləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə ötən ilin avqustun 8-də əldə olunmuş sülh prosesinə tamamilə ziddir.

Bununla bağlı Azərbaycanın bir qrup QHT nümayəndəsi Nyu-York merinə açıq məktub ünvanlayıb, Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi isə bəyanat yayıb. Həm açıq məktubda, həm də bəyanatda Z. Mamdaninin açıqlamalarının beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə təhrif edilməsi kimi dəyərləndirilib. Bildirilib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində suverenliyini və konstitusiya quruluşunu bərpa etməsini “hücum”, “qovulma” və ya “soyqırımı kampaniyası” kimi təqdim etmək hüquqi savadsızlıq, siyasi manipulyasiya və beynəlxalq hüquq terminologiyasından sui-istifadədən başqa bir şey deyil. Azərbaycan 2020-ci ildə və 2023-cü ildə başqa bir dövlətin ərazisində deyil, məhz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz suveren ərazisində əməliyyatlar keçirib. Həmin əməliyyatlar zamanı Qarabağ bölgəsində yaşayan erməniəsilli əhaliyə reinteqrasiya və bərabər hüquqlar təklif edilib, mülki şəxslərə qarşı etnik əsaslı hər hansı zorakılıq faktı qeydə alınmayıb. Bu fakt beynəlxalq qurumlar tərəfindən də təsdiqini tapıb.

Sual olunur: Əgər insan hüquqlarının müdafiəsi və tarixi faciələrin anılması həqiqətən mühüm dəyərə malikdirsə, o zaman bəs niyə Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələr, soyqırımlar, məhv edilmiş tarixi, dini abidələr yada düşmür? Şübhəsiz, bu susqunluq ciddi suallar doğurur. Ola bilməz ki, Nyu-York şəhərinin ilk müsəlman meri Zohran Kvame Mamdaninin bunlardan xəbəri olmasın.  Görünür, erməni lobbisi Mamdanini necə ələ alıbsa, o, lobbinin cızdığı dairədən kənara çıxmağa özündə cürət tapmır. Bununla da o, faktiki olaraq revanşist qüvvələrin destruktiv gündəliyini müdafiə edir. Qeyd edək ki, bu qüvvələr Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxır və iyun ayında keçirələcək parlament seçkilərində qalib gələcəkləri təqdirdə Bakı-İrəvan xəttində əldə olunan razılaşmalara yenidən baxacaqlarını bəyan edirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan Qafqazda əbədi sülh üçün hər şeyi edir, onların cavablarını verir və söndürdüyü münaqişə ocağının yenidən alovlanmasına imkan vermir. Elə bu kimi xidmətlərinə görə, Prezident İlham Əliyev aprelin 26-da növbəti beynəlxalq mükafata  - “Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb. Bu ilin əvvəlində isə Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olunması üçün konkret təşəbbüslərlə çıxış edən dövlətimizin başçısına Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təsis edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub.

Xatırladaq ki, hazırda Azərbaycanla Ermənistan arasında de-fakto sülh bərqərar olub. Hətta Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradıb. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunur. Üstəlik, Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək, eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət göstərəcək “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun (TRIPP) – Zəngəzur dəhlizinin də əsası qoyulub. Sonuncu fakt bir daha təsdiq edir ki, bu gün Amerika bir dövlət kimi Azərbaycanın yanındadır. Bütün bunlar isə revanşistlərin, eləcə də onları dəstəkləyən, erməni lobbisinin dezinformasiyaları əsasında fikirlər yürüdən mamdanilərin nürəyincə deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”