29 aprel 2026 11:08
141

Ruhun, iradənin və Vətən sevgisinin memarı - MÜSAHİBƏ

Əməkdar müəllim: Mən heç vaxt  qəbul etmərəm ki, mənim şagirdlərim  hansısa bir yarışlarda və hərbi   xidmətdə  büdrəsin. Mənim üçün ən böyük öhdəlik məhz budur!

Bəzən bir müəllimin səsi sinif otağından kənara çıxmır, amma onun yetirdiyi şagirdlərin addımları illər sonra bütöv bir cəmiyyətin ritmini müəyyən edir. Müəllimlik – görünməyən zəhmətin, səssiz fədakarlığın, lakin ən böyük nəticələrin peşəsidir. Xüsusilə vətənpərvərlik ruhunun aşılandığı, iradənin möhkəmləndiyi, xarakterin yoğrulduğu sahədə çalışan müəllimlər təkcə dərs demir, gələcəyin dayaqlarını qururlar. Onların yetişdirdiyi gənclər sadəcə şagird deyil - sabahın müdafiəçisi, bu günün məsuliyyətli vətəndaşıdır.

Belə müəllimlərdən biri də Bakı şəhəri, Nizami rayonu Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseyin çağırışaqədərki hazırlığı rəhbəri Mübariz Məmmədovdur. Onun ömür yolu sinif otağından başlayıb yarış meydanlarına, oradan isə gənclərin qəlbinə uzanan bir zəhmət salnaməsidir. Mübariz Məmmədov “İki sahil”ə müsahibəsində bu yolun məsuliyyətindən, qazandığı uğurlardan və müəllimlik fəlsəfəsindən danışıb.

-İlk olaraq sizi daha yaxından tanıyaq. Özünüzü necə təqdim edərdiniz və çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllim kimi bu günə qədər qazandığınız pedaqoji uğurları necə dəyərləndirirsiniz?

-Bakı şəhəri, Nizami rayonu Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseyin Çağırışaqədərki hazırlıq rəhbəri Məmmədov Mübariz Vahid oğlu. 1990-cı ildən bu vəzifədə fasiləsiz olaraq çalışıram. Çalışdığım illər ərzində şagirdlərimə yüksək bilik və bacarıqlara yiyələnməyi öyrədə bilmişəm. Belə ki, məktəblilər arasında keçirilən bilik yarışmalarında və hərbi –vətən pərvərlik oyunlarında ən yüksək nəticələrə nail olmağı bacarmışıq. “Şahin” hərbi-idman yarışında 23 il Nizami rayon birincisi, 5 dəfə Respublika birincisi, adına layiq görülmüşük. Fövqaladə Hallar Nazirliyinin təşkil etdiyi “Gənc xilasedicilər və yanğın söndürənlər” yarışında 9 il fasiləsiz finala vəsiqə qazanmışıq və bu yarışda da ən yüksək nailiyyətlər əldə etmişik. 3 dəfə Respublika birincisi adına layiq görülmüşük Nailiyyətlərimizə görə Elm və Təhsil, Fövqəladə Hallar və Gənclər və İdman Nazirlərinin mükafat və diplomlarına layiq görülmüşük.

-Bu sahəyə marağınız necə yarandı və çağırışaqədərki hazırlıq müəllimi kimi fəaliyyət göstərməyə sizi nə motivasiya etdi?

-Bu sahəyə marağım məktəb illərindən yaranmışdır. Hərb tarixini çox sevərdim, hərbiçi olmaq ən böyük arzum idi. Bu gün də işləməkdən zövq alıram, yeni nailiyyətlər əldə etmək arzusu ilə çalışıram .

-Sizin üçün çağırışaqədərki hazırlıq fənninin tədrisi nə deməkdir və bu peşənin gənclərin formalaşmasında rolu nədən ibarətdir?

-Bu gün məktəblərdə çağırışaqədərki hazırlıq fənninin tədrisi gənclərin formalaşmasında böyük rolu var. Onlara Vətənə sədaqət, nizam-intizam, mərdlik, dözümlülük, çətinliklərə sinə gərmək, birlik, özünəinam kimi xüsusiyyətləri öyrətməyə imkan verir.

- Sizcə, uğurlu GÇH müəllimi olmaq üçün hansı əsas keyfiyyətlər vacibdir?

-Uğurlu  ÇH  müəllimi olmaq üçün tədris etdiyin fənnini şagirdlərə sevdirməyi, onlarda ən yüksək maraq yaratmağı bacarmaq lazımdır. Bunun  üçün komandalarla işləməyi və onlar arasında rəqabəti gücləndirmək lazımdır. Komanda üzvlərindən biri də məhz müəllimin özü olmalıdır. “Mən  etdiyimi  sən də etməlisən” prinsipləri iş qurmaq vacibliyini düşünürəm.

-İlk dərs gününüzü necə xatırlayırsınız?

-İlk dərs  günüm mənim  üçün heç də çətin olmadı. İlk gündən şagirdləri öz ətrafımda birləşdirməyi qarşıma  məqsəd qoymuşdum  və ona nail oldum. Onlarla  fərqli yarışlar və viktorinalar  keçirərdim, ekskursiyalar təşkil  edərdim.

-Pedaqoji fəaliyyətinizdə sizi formalaşdıran müəllim və ya təcrübələr olubmu?

-Pedaqoji  fəaliyyətimdə  məktəbin  aparıcı müəllimlərindən  tövsiyələr alardım, onların məsləhətlərini  dinləyərdim. Onların  tövsiyələri mənim işimi qurmaqda  çox kömək olardı. Bu gündə ilk şagirdlərimlə əlaqə saxlamaqda  davam edirəm.  

- İllər ərzində şagirdlərin hərbi-vətənpərvərlik hazırlığında hansı dəyişiklikləri müşahidə etmisiniz?

-Hərbi  vətənpərvərlik   hazırlığında  şagirdlərin fiziki  hazırlığında müəyyən zəiflik müşahidə etmək olar. Onun da müəyyən səbəbləri var. Uşaqların daha çox oturaq  həyat tərzinə üstünlük  verməlidir.

-Müasir dövrdə şagirdlərin hərbi hazırlıq və vətənpərvərlik mövzularına marağını necə qiymətləndirirsiniz?

-Hərbi hazırlıq və vətənpərvərlik  mövzularına  marağı, istər keçmişdə, istərsə də müasir dövrdə, yaradan  müəllimdir. Müəllimin yanaşması düzgün olarsa  o zaman şagirdlərində fənnə maraq  daim qorunub saxlanılacaq.

-Dərslərdə nəzəri biliklərlə yanaşı,  praktik hazırlığı necə təşkil edirsiniz?

-Məktəbdə praktiki  hazırlıqlar  təlim silahları  və digər təlim döyüş sursatları üzərindən həyata  keçirilir.
Müasir  texnologiyalar  şagirdlərin daha çox marağına   səbəb olur. Bunun  üçün məktəblərdə keçmişdə “Dosaf” deyilən bir maraq dərnəyi yaradılsa maraqlı olar.

-Çağırışaqədərki hazırlıq müəllimi olmaq istəyən gənclərə tövsiyələriniz…

-İlkin hərbi bilikləri daha maraqlı etmək üçün ilk fəaliyyətim Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin  keçdiyi qəhrəmanlıq tarixini, çətin hərbi xidmətin nə qədər də çətin olmayacaq yollarını  öyrədirəm. Ümumiyyətlə, düşünürəm   ki, məktəblərdə keçirilən “Qarabağ  tarixini” tarix müəllimləri  yox, məhz hərbi xidmət etmiş, müharibə görmüş hərbiçilər keçsə daha çox effekt verər.
çağırışaqədərki hazırlıq müəllimi  hərbi xidmət keçdikdən  sonra təyin edilməsini  tövsiyə edərdim. Hərbi xidmətin çətinliklərini  görməyən və praktikası olmayan müəllim lazımi  səviyyədə dərs  keçə bilməz.

- Sizcə, bu fənn şagirdlərin gələcək həyatında və vətəndaş kimi formalaşmasında hansı rolu oynayır?

-Şagirdlər  10-cu sinif qədər necə formalaşıb gəlirlər?  Deyirdim “O” Hərbi dərsin ilk günündə onlarda kəskin dəyişikliklər müşahidə etmək olar. Nizam-intizamlı  olurlar, böyüklərə hörmət hissi yaranır  özünəinam, güvən hisləri yüksəlir. Şagirdlərin  ən çox inandığı və onlara arxa duracaq müəllim  də məhz  hərbi müəllimlər olur.

-Pedaqoji fəaliyyətinizdə sizi ən çox qürurlandıran uğur və ya hadisə hansıdır?

-Pedaqoji  fəaliyyətimdə  ən çox qürurlandığım  uğur  2022-ci ildə “Şahin” hərbi idman  yarışında  Respublika  birincisi, və 2013-cü  ildə Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq Sərəncamı ilə “Əməkdar  müəllim” fəxri adına  layiq görülməyimdir.

-Müəllim kimi sizi hər gün motivasiya edən əsas amil nədir?

-Məndə  ən çox  motivasiya  yaradan şagirdlərimin  hərbi bilikləri  öyrənməyə  marağının  yüksək olmasıdır.

-Azərbaycan təhsil sistemində çağırışaqədərki hazırlıq fənninin tədrisini necə qiymətləndirirsiniz?

-Çağırışaqədərki hazırlıq fənninin tədrisi  məktəblərdə fərqlidir. Eyni ilə də müəllimlərin  düzgün seçilməməsində  də problemlər var

-Şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi üçün hansı üsullardan istifadə edirsiniz?

-Şagirdlərdə  vətənpərvərlik  ruhunu  gücləndirmək  üçün müharibə veteranları ilə görüşlər təşkil edirik, Qarabağ müharibəsinə  aid  çəkilmiş filmlərə  baxırıq.

-Gələcək planlarınız nədir?

- Arzu tükənməz olur deyirlər. Bizim  də arzularımız  çoxdur. Ən  böyük arzum şagirdlərimin  fiziki sağlamlığıdır. Sağlam bədəndə sağlam ruh olar. Sağlam düşüncə, sağlam ruh varsa zəfərlərimiz  ard-arda gələcək.Mən heç vaxt  qəbul etmərəm ki,mənim şagirdlərim  hansısa bir yarışlarda və hərbi   xidmətdə  büdrəsin. Mənim  üçün ən böyük öhdəlik  məhz budur!

Yaqut Ağaşahqızı, “İki sahil”