“Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu qarşılıqlı səfərlərin davamlılığında özünün aydın ifadəsini tapır. Cari ilin dörd ayında Prezident İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri də bu tərkibdəndir. Qarşılıqlı səfərlərin dinamikliyi beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Aprelin 27-də dövlət başçısı İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş ilə təkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatlarla çıxış etdilər, Azərbaycan-Çexiya biznes-forumu keçirildi. Bu görüşlərdə iki ölkə arasında mövcud əlaqələrlə yanaşı, yeni sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Azərbaycan-Çexiya biznes-forumu hər iki ölkənin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi uğurlarını, enerji və nəqliyyat imkanlarını əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. Cənab İlham Əliyev onu da qeyd etdi ki, Baş nazir Andrey Babişlə üç ay əvvəl Davosda bir araya gəldik, indi isə burada, Qəbələdə görüşürük. Bu, həqiqətən göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Bu gün siyasi, o cümlədən regional və qlobal siyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq, konkret layihələrə toxunduq. Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin etdi: “Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir. Prezident İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babişin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin gələcək inkişafının təqdimatı oldu. Çexiyanın Baş nazirinin səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Cənab İlham Əliyev bildirdi ki, çox fəal siyasi dialoqumuz var. Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin digər sahələrdə də uğurlu inkişaf etdiyini önə çəkərək qeyd etdi ki, biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox genişmiqyaslı olacağına əminlik ifadə olundu”.
Malik Həsənov vurğulayıb ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. İki ölkənin çox səmimi dostluq münasibətləri var: “Andrey Babişin Avropa İttifaqından ilk kənar ölkəyə - Azərbaycana səfər etməsini dostluq, hörmət əlaməti kimi dəyərləndirən cənab İlham Əliyev onu da qeyd etdi ki, bu, həmçinin hər iki ölkənin bir-birinə ehtiyacı olduğunu göstərir. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq. Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu vurğuladı və bildirdi ki, milli enerji operatorumuz ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir. Biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək çox şad olarıq”.
Millət vəkili bildirib ki, səfər iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə olacaq. Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı bu gün bir daha öz təsdiqini tapır, qarşımızda çox gözəl perspektivlər açılır. Ölkə Prezidenti İlham Əliyev X sosial media hesabındakı paylaşımında Baş nazir Andrey Babişə rəsmi səfəri və Qəbələdə aparılan konstruktiv müzakirələrə görə minnətdarlığını bildirərək bir daha qeyd edir ki, bunun Avropa İttifaqı hüdudlarından kənara ilk rəsmi səfər olması ikiqat şərəfdir. Bizim sıx siyasi münasibətlərimiz mövcuddur və bugünkü fikir mübadiləsi bir daha Azərbaycan-Çexiya əlaqələrinin daha da dərinləşdirilməsinə olan ortaq sadiqliyimizi təsdiqlədi.