“Son zamanlar Azərbaycanın xarici siyasət xətti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Rəsmi Bakı ardıcıl şəkildə Avropa ölkələrinin ali səviyyəli rəhbərlərini qəbul edir. Latviya və Ukrayna prezidentlərinin, Litva və Çexiyanın baş nazirlərinin, eləcə də digər dövlətlərin nümayəndələrinin Azərbaycana səfərləri artıq təsadüfi diplomatik fəallıq kimi deyil, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun artmasının göstəricisi kimi qiymətləndirilir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, qısa zaman kəsiyində bir neçə Avropa liderinin Azərbaycana səfər etməsi, xüsusilə Latviya və Ukrayna prezidentlərinin Bakıda aparılan danışıqları Azərbaycanın strateji tərəfdaş kimi qəbul edildiyini açıq şəkildə nümayiş etdirir. Bu səfərlər göstərir ki, Avropa paytaxtlarında Azərbaycan sabit, etibarlı və nəticəyönümlü əməkdaşlıq təklif edən tərəfdaş kimi dəyərləndirilir. Aparılan danışıqların məzmunu göstərir ki, gündəlik daha çox praktik məsələlər üzərində qurulub. Regional təhlükəsizlik və Cənubi Qafqazda sülh prosesinin irəliləyişi əsas müzakirə mövzularından biridir. Münaqişədən sonrakı mərhələdə Azərbaycan artıq yalnız müzakirə olunan tərəf deyil, regionda yeni əməkdaşlıq modelinin formalaşmasında fəal iştirak edən aktordur. Avropa dövlətlərinin bu prosesə marağı da məhz bununla bağlıdır, çünki regionda davamlı sülh daha geniş coğrafiyada sabitliyə xidmət edir.
Millət vəkilinin fikrincə, enerji təhlükəsizliyi məsələləri də danışıqların mühüm hissəsini təşkil edir. Qlobal enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyi bir şəraitdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Baltik ölkələrinin, o cümlədən Litva və Latviyanın bu istiqamətdə əməkdaşlığa xüsusi önəm verməsi Azərbaycanın uzunmüddətli tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Yeni geoiqtisadi reallıqlar fonunda Orta Dəhlizin əhəmiyyəti artmaqdadır və Azərbaycan bu marşrutun əsas həlqələrindən biri kimi çıxış edir. Avropa liderlərinin səfərləri çərçivəsində bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi, infrastruktur layihələrinin inkişafı və tranzit imkanlarının artırılması məsələləri müzakirə olunur.
İqtisadi əməkdaşlıq məsələlərinin siyasi dialoqun mühüm davamı kimi çıxış etdiyini deyən Sevinc Fətəliyevanın sözlərinə görə, səfərlər çərçivəsində keçirilən biznes forumları, investisiya imkanlarının müzakirəsi və ticarət əlaqələrinin genişləndirilməsi siyasi münasibətlərin real iqtisadi nəticələrə də çevrildiyini göstərir. Onun fikrincə, Ukrayna Prezidentinin Azərbaycana səfəri xüsusi diqqət çəkir. Bu səfər yalnız ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş geosiyasi çərçivədə əhəmiyyət daşıyır. Müasir şəraitdə Ukrayna üçün etibarlı tərəfdaşlarla əməkdaşlıq xüsusi önəm kəsb edir və Azərbaycan, bu baxımdan mühüm mövqeyə malikdir. Eyni zamanda, bu dialoq Azərbaycanın müxtəlif siyasi mərkəzlərlə balanslaşdırılmış münasibətlər qurmaq qabiliyyətini bir daha nümayiş etdirir və ölkənin müstəqil xarici siyasət kursunun effektivliyini təsdiqləyir.
Deputat qeyd edib ki, Baltik ölkələri ilə münasibətlərin dərinləşməsi də diqqətəlayiq tendensiyadır. Litva və Latviyanın Azərbaycanla əməkdaşlığa artan marağı göstərir ki, ölkəmiz yalnız enerji sahəsində deyil, həm də digər istiqamətlər üzrə – müdafiə, təhsil, texnologiya və humanitar əməkdaşlıq sahələrində də etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə münasibətlərin kompleks xarakter aldığını göstərir.
“Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu şərtləndirən əsas amillərdən biri də onun dialoq platforması kimi çıxış etməsidir. Ölkə sabitlik, etibarlılıq və praqmatik əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət həyata keçirərək beynəlxalq tərəfdaşlar üçün cəlbedici mühit formalaşdırır. Qlobal qeyri-sabitlik şəraitində belə yanaşma xüsusi aktuallıq kəsb edir. Beləliklə, Latviya və Ukrayna prezidentlərinin səfərləri, Litva ilə fəal dialoq və digər Avropa dövlətlərinin artan marağı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni rolunun formalaşdığını göstərir. Azərbaycan artıq yalnız regional aktor deyil, daha geniş geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirak edən və onları formalaşdıran ölkə kimi çıxış edir. Bu isə ölkəmizin həm Avropa, həm də daha geniş Avrasiya məkanında strateji əhəmiyyətinin davamlı şəkildə artdığını təsdiqləyir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.