30 aprel 2026 22:14
106

Güləşçilərimizdən tarixi zəfər: Dövlətin və Prezidentin etimadına layiq qələbə!

Prezident İlham Əliyev güləşçilərimizin bu nailiyyətini hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətimizin qüdrətinin idman müstəvisində növbəti dəfə nümayiş etdirilməsi kimi səciyyələndirib

Ölkəmizdə idmana dövlət tərəfindən ciddi qayğı göstərildiyi, uşaq və yeniyetmələrin fiziki inkişafı istiqamətində mühüm layihələrin, Dövlət proqramlarının həyata keçirildiyi məlumdur. Məhz dövlətimizin uzunmüddətli və sistemli qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarış və turnirlərdə parlaq qələbələr əldə etməkdə, Azərbaycan Bayrağını zirvələrə daşımaqdadır. Bu yaxınlarda Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Komandamız 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.  Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu, komandamızın 2009-cu ildən bu yana Avropa çempionatında ən yaxşı göstəricisidir.

Avropa çempionatında güləşçilərimizin əldə etdiyi qələbənin önəmini artıran, bu qələbəni təkrarsız və əvəzedilməz edən bir sıra amillər var ki, bunlardan ən önəmlisi idmançılarımızın böyük əksəriyətinin rəqibləri üzərində aşkar üstünlüklə qələbə qazanması, çempionatın ən ali pilləsində qərarlaşması faktıdır. Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüş əsnasında idmançıları göstərdikləri yüksək nəticəyə görə təbrik edən Prezident İlham Əliyev Azərbaycanda idmanın dövlət siyasəti olduğunu bir daha bəyan edib. Dövlət başçısı vurğulayıb ki, idman dövlətin qüdrətini göstərən əsas göstəricilərdən biridir: “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.

Gənclərimizin idman sahəsindəki uğurlarının digər mühüm əhəmiyyəti, bu uğurların gənclərin mənəvi baxımdan inkişafına da böyük təkan verməsi faktı ilə bağlıdır. Belə ki, idman arenasında əldə edilən hər qələbə uşaq və yeniyetmələrin idmana marağını artrmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə, daha çox gəncin sağlam həyat tərzinə üstünlük verməklə zərərli vərdişlərdən uzaqda qalmasına xidmət edir. Bu baxımdan, Azərbaycan Güləş Federasiyasının fəaliyyəti də təqdirəlayiqdir. Prezident İlham Əliyev bildirib ki, federasiya xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.

Daha sonra idmanın Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə idman sahəsində varisliyin və ənənələrin qorunub saxlandığını, bu işdə idman veteranlarının rolunu vurğulayıb: “..bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.”

Dövlət başçısı Azərbaycan idmanının ümumi inkişafına da diqqət çəkib. Bildirib ki, Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər, məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.

Şübhəsiz, Prezidentin Tiranada keçirilmiş Avropa çempionatında iştirak etmiş güləşçiləri qəbul etməsi, onları uğurlarına görə təbrik etməsi, qarşıdakı vəzifələr, görülən və görülməsi gərəkən işlər haqqında ətraflı danışması, idmançılar üçün bütün gərəkli şəraitin yaradıldığı və gələcəkdə də yaradılacağını vurğulaması dövlət başçısının idmana  və idmançılara nə qədər böyük diqqətlə yanaşdığını göstərir. Bu baxımdan, sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük təqdir və mənəvi stimul hesab etmək olar. Əminliklə demək olar ki, dövlət başçısının idmançılara göstərdiyi bu qayğı onlara böyük ruh yüksəkliyi bəxş etməklə yanaşı, idmançılarımızın məsuliyyət hissini də artıracaq, onları qarşıdakı yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyəcəkdir.

Sevinc Azadi, “İki sahil”