30 aprel 2026 20:50
231

Azərbaycan güləşinin Avropa zirvəsi

Azərbaycan bu gün dünya miqyasında təkcə iqtisadi və siyasi gücü ilə deyil, həm də möhtəşəm idman uğurları ilə tanınan qalib bir dövlətdir. Tiranada keçirilmiş Avropa çempionatında güləşçilərimizin həm sərbəst, həm də yunan-Roma növündə komanda hesabında birinci yeri tutaraq qitənin ən güclüsü olduqlarını sübut etmələri bu uğurların növbəti parlaq səhifəsidir. Prezident İlham Əliyevin qalib güləşçilərimizi qəbul edərkən səsləndirdiyi fikirlər, əslində, ölkəmizdə idmanın inkişaf strategiyasının və milli vətənpərvərlik ruhunun ali təzahürüdür.

Cənab Prezidentin də vurğuladığı kimi, güləş bizim milli idman növümüzdür və onun Azərbaycanda böyük ənənələri var. Bu gün əldə olunan nəticələr təsadüfi deyil. Bu, düzgün qurulmuş məşq prosesinin, şəffaf seleksiya işinin və nəsillər arasındakı qırılmaz bağlılığın bəhrəsidir. Vaxtilə dövlət başçımızın tribunalardan azarkeşlik etdiyi Olimpiya çempionlarımız bu gün Federasiya rəhbərliyində və məşqçi korpusunda təmsil olunurlar. Bu varislik imkan verir ki, Azərbaycan idmanı nəinki yaşasın, həm də hər il yeni zirvələr fəth etsin. Nəsillər dəyişir, lakin Azərbaycan idmanının qələbə əzmi sarsılmaz qalır.

İdman sadəcə fiziki yarış deyil, o, cəmiyyətimizin ayrılmaz hissəsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ən güclü vasitədir. Beynəlxalq arenalarda bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi hər bir azərbaycanlıda sonsuz qürur hissi yaradır. Prezidentimizin qeyd etdiyi kimi, “qalib dövlət və qalib xalq kimi yaşayan xalqımız öz idmançıları ilə fəxr edir”. İdmançılarımız xalça üzərindəki mübarizələri ilə həm də Azərbaycanın sarsılmaz iradəsini nümayiş etdirirlər.

Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri idmançılarımızın mənəvi siması ilə bağlıdır. Çempion olmaq mühümdür, lakin ondan daha mühümü ləyaqətli vətəndaş və nümunəvi şəxsiyyət olmaqdır. Təəssüflər olsun ki, biz bəzən beynəlxalq yarışlarda, xüsusən də Avropa miqyasında idmançılarımıza qarşı qərəzli və ədalətsiz münasibətin şahidi oluruq. Görünür, Azərbaycanın hər sahədə olduğu kimi, idmanda da hamıdan öndə olması bəzi dairələri narahat edir. Lakin bizim pəhlivanlarımız həm ədalətsiz hakimlərə, həm də rəqiblərinə ən gözəl cavabı ləyaqətli davranışları və təmiz qələbələri ilə verirlər.

Prezident İlham Əliyevin 30 ilə yaxın müddətdə Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi idmana dövlət səviyyəsində göstərilən diqqətin ən bariz göstəricisidir. Bölgələrimizdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, müasir güləş zalları kütləviliyin təmin olunmasına xidmət edir. Bu gün qızlarımızın da güləşə marağının artması və medalçılar sırasına qoşulması idmanımızın çoxşaxəli inkişafından xəbər verir.

Anar Məmmədov,

Milli Məclisin deputatı