01 may 2026 12:23
263

Vüqar Rəhimzadə: Qalib dövlətin və xalqın gücü: idmanda yeni zirvələr

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla, sağlam cəmiyyət quruculuğu və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm əhəmiyyət kəsb edir. Ölkədə müasir idman infrastrukturu yaradılıb, kütləviliyin təmin edilməsi və idmançıların sosial müdafiəsinin gücləndirilməsi Dövlət proqramları ilə davamlı şəkildə dəstəklənir. İdmanın inkişafına yönələn addımlar davamlılığı ilə diqqətdədir. Paytaxt və bölgələrdə müasir Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları inşa edilib, bu da idmanın kütləviləşməsinə şərait yaradır. 

 Azərbaycanın təkmil inkişaf modeli hər bir sahədə davamlı uğurlara imza atmasını şərtləndirir. Bunu digər sahələr kimi, idmanın inkişafı istiqamətində də atılan addımlarda aydın görmək mümkündür. 2025-ci ilin  idman yekunlarına həsr olunan mərasimdə dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. 2025-ci ildə  iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Bütün bunlar, eyni zamanda, aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq  gələcəkdə idman uğurlarına yol açır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan idman ölkəsidir. Bu sahədə də  uğurların təməlində Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır.  Ümummilli Lider Heydər Əliyev  “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və  hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur” fikirləri ilə bu sahənin inkişafına  verilən önəmi şərtləndirən əsas amilləri  diqqətə çatdırmışdı. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı  biri-birindən əhəmiyyətli addımların   Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi  kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə  yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə  keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman  sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

O da məlumdur ki,  ölkəmizdə hər il dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə  konkret bir sahənin adı, eyni zamanda, əlamətdar hadisələr  ilə bağlanır. 2012-ci ilin «İdman ili» elan edilməsi də bu sahənin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Təbii ki,  uğurlu nəticə əldə etmək üçün işlərin kompleks şəkildə görülməsi zəruridir.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təşkilatçılığı ilə  Birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili beynəlxalq səviyyədə təqdir edildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda qalib Azərbaycanın uğurlarından böyük qürur hissi ilə bəhs edilir, hədəflər açıqlanarkən işğaldan azad edilmiş ərazilərimizin hərtərəfli inkişafının bütün sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi bərpası, yenidən qurulması qarşıya mühüm vəzifə kimi qoyulur. Əsas çağırışlar sırasında gələcəyimiz olan gənclərin daha vətənpərvər, milli ruhda tərbiyəsi vacib amil kimi önə çəkilir.

Aprelin 30-da  Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etdi. Prezident İlham Əliyev görüşdə bu məqamı xüsusi qeyd etdi ki, hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.

Millət vəkili bildirib ki, beş ildən artıqdır ki,  idmançılarımız qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün  səylərini daha da artırırlar.  Prezident İlham Əliyev sözügedən qəbulda  vurğuladı ki, Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi: “Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.” Bu mühüm məqam xüsusi vurğulandı ki, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.

Dövlət başçısı İlham Əliyev görüşdə “Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək” söyləyərək diqqəti bir daha Azərbaycanın uğurlarına yönəltdi. Bildirdi ki, Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. İdmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddətdə Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyini önə çəkən cənab İlham Əliyev vurğuladı ki, əlbəttə, bu dövrdə  çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib: “Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin. Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər.”