01 may 2026 17:19
125

“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışına həsr olunan videoçarx “Eurosport” və “Euronews” telekanallarında

2026-cı il may ayının 1-dən etibarən “Eurosport” və “Euronews” telekanallarında mayın 10-14 tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına həsr olunmuş təqdimat videoçarxının nümayişinə başlanıb. “İki sahil” xəbər verir ki, videoçarxda yarış haqqında qısa məlumat, onun mərhələləri, yarış iştirakçılarının keçəcəyi ərazilər öz əksini tapır.

Xatırladırıq ki, 1 Dünya Turu komandası, 4 Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yüksək səviyyəli, 2.1 kateqoriyalı bu yarışda iştirakını təsdiqləyib. Həmin komandalar haqqında məlumatları “bakukhankendi.az” saytından əldə etmək olar.

 

5 mərhələdən ibarət olan Bakı-Xankəndi Azəraycan Velosiped Yarışının mərhələləri:

 

I mərhələ, 10.05.2026

Yarış iştirakçıları “Sea Breeze Resort”da start götürərək Bakı şəhərinin görməli yerlərindən keçəcək və Sumqayıtda finişə çatacaqlar (158,4 km)

 

II mərhələ, 11.05.2026

Bakı – Şamaxı – İsmayıllı (193,3 km)

 

III mərhələ, 12.05.2026

Qəbələ – Oğuz – Şəki – Mingəçevir (162,9 km)

 

IV mərhələ, 13.05.2026

Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,8 km)

 

V mərhələ, 14.05.2026

Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,5 km)

 

“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışı çox maraqlı və cəlbedici bir idman yarışı olmaqla bərabər, həm də ölkəmizin turizm potensialını, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq üçün müstəsna imkanlar yaradır.

 

Yarışın gedişini hər gün “Eurosport” və “CBC Sport” kanalları vasitəsilə canlı olaraq izləmək, bundan əlavə yarış günləri axşam “Eurosport” və “CBC Sport” kanallarında efirə veriləcək xüsusi verilişlər vasitəsilə, habelə “bakukhankendi.az” və “azvif.az”  saytlarından ətraflı məlumat almaq olar.