04 may 2026 23:23
104

Almaniyada üç siyasi partiya X platformasından istifadə etməyəcəyini açıqlayıb

Almaniyada üç partiya - Sosial Demokratlar Partiyası (SPD), Yaşıllar Partiyası və Sol Partiya X platformasını tərk etmək barədə birgə qərar qəbul ediblər.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, partiyaların birgə açıqlamasında platformada artan xaos və dezinformasiyaların belə bir addım üçün zərurət yaratdığı qeyd olunub. Bildirilib ki, həm partiyaların rəsmi hesabları, həm də aparıcı siyasətçilərin şəxsi profilləri deaktiv ediləcək. Açıqlamada vurğulanıb ki, siyasi debatlar cəmiyyətə çatmaq və məlumatlandırmaq üçün sağlam mübadilə mühitinə əsaslanmalıdır. Lakin X platforması getdikcə dezinformasiyanın yayılmasına şərait yaradır.

Qeyd edək ki, əvvəlki adı “Twitter” olan platforma 2022-ci ildə amerikalı milyarder İlon Mask tərəfindən alındıqdan sonra adı X olaraq dəyişdirilib. Mask dezinformasiyaya qarşı bəzi məhdudiyyətləri aradan qaldıraraq bunu söz azadlığının təşviqi ilə əsaslandırıb.

Buna baxmayaraq, Almaniya Kansleri Fridrix Merts və bir sıra dövlət qurumları platformadan istifadəni davam etdirir. Müxalif Almaniya üçün Alternativ (AfD) partiyası isə bu addımı tənqid edərək, bunun siyasi dialoqa mənfi təsir göstərəcəyini açıqlayıb.

SPD, Yaşıllar və Sol Partiyanın gələcəkdə rəqəmsal kommunikasiya üçün alternativ platformalara, o cümlədən “Bluesky” şəbəkəsinə üstünlük verməyi planlaşdırdıqları bildirilir.