05 may 2026 14:55
111

Regional sabitlik və sülh perspektivləri: İlham Əliyevin Zirvə çıxışının əsas mesajları

Müasir beynəlxalq münasibətlər sistemində regional sabitlik və davamlı sülhün təmin olunması dövlətlərarası əməkdaşlığın əsas prioritetlərindən birinə çevrilmişdir. Bu baxımdan Avropa məkanında siyasi dialoqun inkişafına xidmət edən Avropa Siyasi Birliyi platforması mühüm əhəmiyyət kəsb edir. Müxtəlif ölkələri bir araya gətirən bu təşəbbüs siyasi, iqtisadi və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparmaq, ortaq çağırışlara qarşı birgə həll yolları tapmaq baxımından vacib mexanizm rolunu oynayır.

2026-cı il 4 may tarixində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında İlham Əliyev videobağlantı formatında çıxış edərək regionda sülh və əməkdaşlıq gündəliyi ilə bağlı Azərbaycanın mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Dövlət başçısı öz çıxışında Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişləri qeyd etməklə yanaşı, sülhün alternativsiz olduğunu vurğulamışdır.

Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan postmünaqişə dövründə sülh təşəbbüslərinin müəllifi kimi çıxış edir və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün ardıcıl addımlar atır. Bu kontekstdə Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsinin vacibliyi diqqətə çatdırılmışdır. Xüsusilə qeyd olunmuşdur ki, Ermənistan tərəfi “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləməklə regional əməkdaşlıq istiqamətində müsbət siqnal vermişdir.

Sülh gündəliyinin real nəticələri artıq praktik müstəvidə də özünü göstərməkdədir. Belə ki, əldə olunmuş razılaşmalar çərçivəsində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması regionda iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Bu fakt bir daha sübut edir ki, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan siyasət region üçün yeni imkanlar açır.

Bununla yanaşı, Prezident çıxışında bəzi Avropa institutlarının mövqeyinə də toxunmuşdur. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycan-Ermənistan sülh prosesinə münasibətdə qeyri-konstruktiv yanaşmanın nümayiş etdirildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, bu qurumlar bəzən ikili standartlardan çıxış edərək regionda sülh səylərinə dəstək vermək əvəzinə, əsassız iddialar və qərəzli yanaşmalar sərgiləyirlər.

Eyni zamanda vurğulanmışdır ki, Avropa Parlamenti kimi qurumlar qlobal miqyasda aktual olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya problemləri, sosial bərabərsizlik və evsiz insanların vəziyyəti kimi fundamental məsələlərin həllinə daha çox diqqət ayırmaq əvəzinə, bəzi hallarda dezinformasiya yayaraq Azərbaycanı hədəfə alır. Bu cür yanaşmalar isə beynəlxalq əməkdaşlıq ruhuna zidd olmaqla yanaşı, regionda etimad mühitinin formalaşmasına da mənfi təsir göstərir.

Bütün bu çağırışlara baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqliyini qətiyyətlə davam etdirir. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan konstruktiv dialoq və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasət yürütməkdə qərarlıdır. Bu yanaşma regionda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm zəmin yaradır.

Nəticə etibarilə, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində səsləndirilən fikirlər bir daha göstərir ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün real imkanlar mövcuddur. Azərbaycanın təşəbbüskar və məsuliyyətli mövqeyi isə bu prosesdə aparıcı rol oynamağa davam edir. Regionda dayanıqlı sülhün bərqərar olması yalnız dövlətlərin siyasi iradəsi və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq sayəsində mümkün olacaqdır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri