Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi bəyanat dövlətlərarası münasibətlərinin strateji xarakterini və əməkdaşlığın geniş miqyasını əhatəli şəkildə ifadə edir. Bu çıxış ikitərəfli əlaqələrin siyasi dialoqla yanaşı, iqtisadi, enerji və humanitar istiqamətlər üzrə qarşılıqlı maraqlara əsaslanan davamlı tərəfdaşlıq müstəvisində inkişaf etdiyini nümayiş etdirir.
Azərbaycan və İtaliya arasında münasibətlərin hüquqi-siyasi bazasını 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri təşkil edir. Bu sənədlər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, əlaqələrin sistemli və davamlı şəkildə inkişafına şərait yaradıb. Yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlər tərəflər arasında etimad mühitinin möhkəmləndiyini göstərir.
Energetika sahəsi Azərbaycan–İtaliya münasibətlərinin ən mühüm istiqamətlərindən biridir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olmaqla yanaşı, enerji ixracında da aparıcı mövqeyə malikdir. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında əsas tərəfdaşlardan biri kimi çıxış edir. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilir və onun mühüm hissəsi olan Trans-Adriatik Boru Kəməri layihəsi regionlararası enerji inteqrasiyasında mühüm rol oynayır. Tərəflər arasında qaz ixracının həcminin artırılması və infrastrukturun genişləndirilməsi istiqamətində müzakirələr əməkdaşlığın gələcək inkişafını şərtləndirir. Dövlətimizin başçısı qeyd edib ki, bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır; “Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”.
İki ölkə arasında iqtisadi münasibətlər yüksək dinamika ilə inkişaf edir və ticarət dövriyyəsi təxminən 12 milyard dollar səviyyəsindədir. İtaliya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri kimi çıxış edir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırması qarşılıqlı iqtisadi maraqların dayanıqlı və etibarlı əsaslara söykəndiyini göstərir. Bu investisiyalar gələcəkdə yeni layihələrin reallaşdırılması üçün əlavə imkanlar yaradır.
İkitərəfli münasibətlərin yeni istiqamətlərindən biri hərbi-texniki əməkdaşlıqdır. Birgə istehsal layihələrinin həyata keçirilməsi, texnologiya mübadiləsi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi bu istiqamətin perspektivli olduğunu göstərir. İtaliya texnologiyalarının və Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi innovativ sənaye əməkdaşlığının formalaşmasına şərait yaradır.
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlərin xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi 23 layihə iqtisadi əməkdaşlığın coğrafi baxımdan da genişləndiyini göstərir. İtaliya şirkətləri bərpa və yenidənqurma prosesində fəal iştirak edərək mühüm töhfə verir.
İkitərəfli münasibətlərin ən vacib istiqamətlərindən biri təhsildir. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın simvoluna çevrilib. Artıq yüzlərlə tələbənin təhsil aldığı bu ali təhsil müəssisəsi gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanmasına və iki xalq arasında humanitar körpünün möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycan–İtaliya münasibətləri bu gün strateji tərəfdaşlıqdan daha geniş məzmuna malik, enerji, iqtisadiyyat, sənaye və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq modelidir. Mövcud dinamika göstərir ki, bu əlaqələr qarşılıqlı maraqlar əsasında gələcəkdə daha da genişlənəcək və regional əməkdaşlıq sistemində mühüm rol oynamağa davam edəcək.
Nurlan Həsənov,
Milli Məclisin deputatı