Avropa Parlamentinin, Avropa Komissiyasının və Aİ hökumətlərinin nümayəndələri ABŞ ilə ticarət sazişinin şərtləri barədə razılığa gələ bilməyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" və "Politico" məlumat yayıblar.
Nəşrlər qeyd edir ki, Aİ-nin qərara gələ bilməməsi ABŞ prezidenti Donald Trampı çox qəzəbləndirə bilər.
2025-ci ilin iyul ayında ABŞ və Aİ avropalıların Amerika mallarının rüsumsuz idxalına, ABŞ-a investisiyaların artırılmasına və bəzi digər şərtlərə razılıq verdiyi ticarət sazişi imzalayıblar. Lakin Aİ hələ də müvafiq qanunvericiliyi qəbul etməyib. Nəticə etibarilə, Prezident Tramp dəfələrlə Aİ-nin sazişin şərtlərini yerinə yetirmədiyini bildirib və ötən həftə bunun üçün Avropa avtomobillərinə 25% tarif tətbiq etməklə hədələyib.
6 mayda Avropa Parlamentinin, Avropa Komissiyasının və Aİ üzv dövlətlərinin nümayəndələri sazişə düzəlişləri müzakirə ediblər. "Politico"nun mənbələrə istinadla verdiyi məlumata görə, Aİ Ticarət Komissarı Maroş Şefçoviç görüş iştirakçılarını Vaşinqtonla ticarət münasibətlərini sabitləşdirməyə kömək edəcək bir razılığa gəlməyə çağırıb.
Lakin altı saatlıq müzakirələrdən sonra heç bir kompromis əldə edilməyib. "Politico"nun məlumatına görə, Avropa Komissiyası və əksər Aİ ölkələri ümumiyyətlə sazişin şərtlərini yerinə yetirməyə hazırdırlar.