07 may 2026 12:29
81

Aviaşirkətlər ləğv edilən reyslərə görə sərnişinlərə kompensasiya ödəməlidir

Aviaşirkətlər yanacağın bahalaşması və ya çatışmazlığı səbəbindən ləğv edilən reyslər üzrə sərnişinlərə biletlərin dəyərini kompensasiya etməlidirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" nəşrinə Avropa İttifaqının nəqliyyat məsələləri üzrə komissarı Apostolos Tzitzikostas məlumat verib.

Onun sözlərinə görə, yanacağın bahalaşması fors-major hal hesab edilmir və aviasiya sektorunda biznes fəaliyyətinin bir hissəsidir. Komissar bildirib ki, Avropa “yanacaq tədarükündə uzunmüddətli fasilələrin öhdəsindən gəlmək üçün kifayət qədər dayanıqlılıq ehtiyatına malikdir”.

O qeyd edib ki, Avropada hələ də fövqəladə yanacaq ehtiyatları mövcuddur və aviasiya yanacağının tədarükünə daha ciddi nəzarət, həmçinin zərurət yarandıqda ehtiyatların koordinasiyalı şəkildə istifadəsi üçün üzv ölkələr arasında mexanizmlər yaradılıb. Bununla belə, Apostolos Tsitsikostas vəziyyətin mürəkkəb olduğunu etiraf edib və ictimaiyyətə panikaya səbəb ola biləcək açıqlamalardan çəkinməyə çağırıb: “Qarşıda turizm mövsümü var. Söz seçimində diqqətli olmalı və panikadan qaçmalıyıq.”

Yaxın Şərqdə hərbi münaqişənin başlanmasından etibarən aviasiya yanacağı və digər yanacaq növlərinin qiymətləri artmaqdadır. Aviaşirkətlər artıq may ayı üçün ümumilikdə təxminən 2 milyon sərnişin yerini əhatə edən reysləri ləğv ediblər.