Müasir dövrdə hər bir dövlətin dayanıqlı inkişafı onun insan kapitalından, xüsusilə də gənc nəslin potensialından birbaşa asılıdır. Gənclər cəmiyyətin dinamik və yenilikçi təbəqəsi olmaqla yanaşı, həm də milli inkişafın əsas hərəkətverici qüvvəsidir. Ölkəmizdə gənclər siyasətinin sistemli şəkildə formalaşdırılması və dövlət strategiyasına çevrilməsi bilavasitə Ümummilli Lider, fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda gənclərlə iş sahəsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş və bu sahədə kompleks tədbirlər davamlı həyata keçirilmişdir.
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” deyən dahi rəhbər Heydər Əliyev Azərbaycanda milli ruhlu gənclər siyasətinin əsasını hələ 1970-ci illərdə Sovet hökumətinin dövründə qoymuşdu. Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi vaxtlarda yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almışdır. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovet İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan yaradılmışdır. Beləliklə, dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur.
Sovet hakimiyyəti illərində Ümummilli Liderimizin təşəbbüsü və dəstəyi ilə keçmiş İttifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil alan Azərbaycan gəncləri savadlı kadr kimi Vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Belə gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.
“Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Azərbaycan Gənclərinin l Forumunda Ulu Öndər Heydər Əliyevin söylədiyi bu fikirlər deməyə əsas verirdi ki, Azərbaycan gənclərinin gələcəyi əmin əllərdədir.
XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi sosial, iqtisadi və siyasi çətinliklərlə üzləşmişdi. Belə bir şəraitdə gənclərin düzgün istiqamətləndirilməsi dövlət üçün həyati əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev gənclərin potensialını yüksək qiymətləndirərək onların dövlət quruculuğu prosesində iştirakını vacib hesab edirdi. 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirdi. O çətin, ağır dövrdə dahi rəhbər 22 sentyabr 1993-cü ildə Azərbaycan Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi: “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir”.
Həmin dövrdə yeni vüsət alan gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi idi. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı.
Dahi rəhbər, fenomen şəxsiyyət Heydər Əliyevin gənclər siyasətinin əsasını milli-mənəvi dəyərlərə bağlı, yüksək təhsilli, vətənpərvər və müasir dünyagörüşlü gənc nəslin formalaşdırılması təşkil edirdi. Ulu Öndər dəfələrlə vurğulayırdı ki, ölkənin gələcəyi məhz gənclərin əlindədir və onların düzgün istiqamətləndirilməsi dövlət siyasətinin prioritet məsələlərindən biridir. Bu yanaşma nəticəsində Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti yalnız şüar xarakteri daşımamış, konkret proqramlar və institusional mexanizmlərlə müşayiət olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində gənclər dövlət quruculuğunun mühüm iştirakçısına çevrildi, onların hüquq və maraqlarının qorunması təmin edildi.
Onu da qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində təhsil xüsusi yer tuturdu. Dahi rəhbər təhsili dövlətin gələcəyinin təminatı kimi qiymətləndirir və yüksək ixtisaslı kadrların hazırlanmasını prioritet istiqamət kimi müəyyən edirdi. Bu məqsədlə təhsil sistemində islahatlar həyata keçirilmiş, gənclərin xaricdə təhsil almasına imkanlar yaradılmışdı. Təhsilin inkişafı ilə yanaşı, gənclərin elmi fəaliyyətə cəlb olunması, onların innovativ düşüncə tərzinə yiyələnməsi də təşviq edilirdi. Bu siyasət nəticəsində ölkədə güclü intellektual potensiala malik gənc nəsil formalaşmasına başlanmışdı.
Ulu Öndər Heydər Əliyev gənclərin milli ruhda yetişməsini hər zaman önə çəkib. Dahi rəhbər vurğulayırdı ki, milli kimliyini qoruyan və inkişaf etdirən gənclər dövlətin dayağıdır. Bu baxımdan gənclərin tarixə, dilə və mədəni irsə bağlılığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılırdı. Vətənpərvərlik tərbiyəsi gənclər siyasətinin əsas komponentlərindən biri olmuşdu. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərdə dövlətçilik şüurunun formalaşmasına və onların milli maraqlara sadiqliyinin artmasına xidmət edirdi.
Bu günlər ölkəmizdə həyata keçirilən gənclər siyasəti Ulu Öndərin müəyyən etdiyi prinsiplərə əsaslanır. Prezidentimiz, qalib Liderimiz İlham Əliyev tərəfindən bu siyasət daha da inkişaf etdirilmiş, müasir çağırışlara uyğunlaşdırılmışdır. Xüsusilə innovasiya, rəqəmsal texnologiyalar, startap mühiti və beynəlxalq əməkdaşlıq sahələrində gənclərin rolu artırılmışdır. Bu da Azərbaycanın qlobal rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan gənclər siyasətinin Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil etdiyi bu gün tam təsdiqini tapıb. Bu siyasət gənclərin hərtərəfli inkişafını təmin etməklə yanaşı, ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Hazırkı dövrümüzdə Azərbaycan gəncliyi beynəlxalq arenada uğurla çıxış edir, müxtəlif sahələrdə nailiyyətlər qazanır və ölkəmizin inkişafına töhfələr verir. Bəli, bu nailiyyətlər Ulu Öndərin uzaqgörən və məqsədyönlü siyasətinin real nəticəsidir.
Dahi rəhbər Heydər Əliyevin gənclər siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının ayrılmaz hissəsi kimi tarixə düşdü. Bu siyasət yalnız bir dövr üçün deyil, uzunmüddətli perspektivdə dövlətin güclənməsinə xidmət edən fundamental bir modeldir. Ulu Öndər Heydər Əliyevdən bizlərə miras qalan gənclərə diqqət və qayğı siyasəti Azərbaycan dövlətinin davamlı inkişafının ən etibarlı təminatlarından biri olaraq qalır.
Azərbaycanı çox çətin sınaqlardan üzüağ çıxaran, beynəlxalq aləmdə, dövlətlərarası münasibətlərdə mövqeyini qoruyub möhkəmləndirən Ulu Öndər Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış siyasəti dahi şəxsiyyətin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qürurverici haldır ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Məhz Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi, bu gün üçrəngli Bayrağımız Qarabağda, Şərqi Zəngəzurda, işğaldan azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır. Tarixi Qələbə Azərbaycanı əməkdaşlıq və dialoq məkanına, dünyaya sülh çağırışı edən bir ölkəyə çevirdi.
“Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Dünyaya səs salan tarixi Qələbəmizdən sonra Ali Baş Komandan, dövlətimizin başçısı İlham Əliyevin Şuşada səsləndirdiyi bu fikirlər Ulu Öndərin qeyd etdiyi kimi, Azərbaycan gənclərinin milli kimliyini qoruyan və inkişaf etdirən vətənpərvər gənclər kimi yetişdiyini bir daha təsdiq etdi.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü,
partiyanın Gəncə şəhər təşkilatının sədri