08 may 2026 19:22
328

Hansı daha önəmlidir: Valideynin arzusu, yoxsa gəncin seçimi?

Sosioloq: Valideyn istiqamət verən tərəf olmalı, son seçim isə gəncin maraq və qabiliyyətinə uyğun formalaşmalıdır

Ali təhs il mərhələsinə yaxınlaşan minlərlə abituriyent üçün ən çətin qərarlardan biri ixtisas seçimidir. Lakin bu seçim hər zaman gənclərin şəxsi maraq və bacarıqlarına əsaslanmır. Bir çox hallarda valideynlərin arzuları, gözləntiləri və sosial status düşüncələri övladların gələcək peşə yoluna birbaşa təsir edir. Məhz bu səbəbdən “Övladın gələcəyinə valideyn qərar verməlidirmi” sualı cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan birinə çevrilib.

Bəzi valideynlər hesab edirlər ki, onların həyat təcrübələri daha çox olduğundan övladları üçün ən doğru qərarı da məhz onlar verə bilərlər. Xüsusilə yüksək gəlir və nüfuz vəd edən sahələrə yönləndirmə halları geniş yayılıb. Tibb, hüquq, mühəndislik və informasiya texnologiyaları kimi sahələr valideynlərin ən çox üstünlük verdikləri istiqamətlər sırasında göstərilir. Bir çox ailələr üçün ixtisas seçimi yalnız maraq amili deyil, həm də gələcəkdə maddi təminat və sosial mövqe məsələsi kimi qiymətləndirilir. Lakin bu yanaşma bəzən gənclərin şəxsi istək və potensialının arxa planda qalmasına səbəb olur. Maraq göstərmədiyi sahəyə yönləndirilən bəzi abituriyentlər sonradan təhsilə qarşı motivasiya itkisi yaşayır, seçdiyi peşədə özünü təsdiq etməkdə çətinlik çəkirlər. Bu isə həm təhsil prosesinə, həm də gələcək əmək fəaliyyətinə təsir göstərən amillərdən biri hesab olunur.

Müşahidələr göstərir ki, son illərdə gənclər arasında yaradıcı və fərqli sahələrə maraq artıb. Dizayn, media, jurnalistika, rəqəmsal kommunikasiya, incəsənət və sosial elmlər kimi istiqamətlərə üstünlük verənlərin sayı çoxalsa da, bəzi valideynlər bu sahələri “riskli” və ya “gələcəksiz” hesab edirlər. Nəticədə ailə daxilində fikir ayrılıqları yaranır.

Əmək bazarındakı dəyişikliklər peşə seçimlərinə təsir edir

Təhsil ekspertləri dəfələrlə vurğulayıblar ki, ixtisas seçimi yalnız qəbul balına uyğun qərar deyil, həm də insanın gələcək həyat tərzini müəyyən edən vacib addımdır. Çünki seçilən peşə illərlə davam edəcək iş fəaliyyətinə, şəxsi inkişaf prosesinə və mənəvi rifaha birbaşa təsir edir.

Müasir dövrdə əmək bazarının sürətlə dəyişməsi də ixtisas seçiminə yanaşmanı fərqləndirir. Bir neçə il əvvəl populyar olan bəzi peşələr aktuallığını itirir, yeni sahələr isə ön plana çıxır. Bu səbəbdən gənclərin yalnız ənənəvi peşələrə yönləndirilməsi məsələsi də müzakirə mövzusu olaraq qalır.

Həddindən artıq müdaxilə gələcəkdə narazılığa səbəb ola bilər

Sosioloq Rəvan Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, valideynlərin övladlarının ixtisas seçiminə müdaxiləsi bu gün Azərbaycan cəmiyyətində kifayət qədər geniş yayılmış sosial hadisələrdən biridir: “Bunun əsas səbəblərindən biri valideynlərin övladlarının gələcəyini iqtisadi təhlükəsizlik prizmasından qiymətləndirməsidir. Bir çox ailələr hesab edirlər ki, hüquq, tibb, mühəndislik və ya dövlət sektoruna yaxın ixtisaslar daha stabil gələcək və sosial təminat vəd edir. Xüsusilə əmək bazarındakı qeyri-müəyyənlik, işsizlik qorxusu və sosial status amili valideynlərin qərarvermə prosesində daha dominant mövqe tutmasına səbəb olur.

Digər mühüm məqam isə cəmiyyətimizdə ailə institutunun kollektiv xarakter daşımasıdır. Azərbaycan ailə modelində övladın gələcəyi yalnız fərdi məsələ kimi deyil, ailənin nüfuzu, sosial mövqeyi və gözləntiləri ilə bağlı məsələ kimi qəbul edilir. Buna görə də bəzi valideynlər övladlarının maraq və bacarıqlarından daha çox “cəmiyyətdə nüfuzlu sayılan” peşələrə üstünlük verirlər. Bəzən valideynlər öz reallaşmayan arzularını da övlad üzərindən həyata keçirməyə çalışırlar. Lakin həddindən artıq müdaxilə gənclərin psixoloji motivasiyasına və gələcək peşə həyatına ciddi təsir göstərə bilər. İnsan maraq göstərmədiyi sahədə təhsil aldıqda daxili motivasiya zəifləyir, yaradıcılıq və təşəbbüskarlıq azalır. Bu isə gələcəkdə peşə ilə bağlı narazılığa, tez-tez ixtisas dəyişməyə və emosional tükənməyə səbəb ola bilir. Araşdırmalar göstərir ki, şəxsi maraq və qabiliyyətinə uyğun peşə seçən insanlar həm daha məhsuldar, həm də psixoloji baxımdan daha stabil olurlar.”

Sosioloq qeyd etdi ki, valideynin tam kənarda qalması da doğru yanaşma deyil: “Çünki yeniyetmələr və gənclər bəzən əmək bazarını, peşələrin perspektivini və gələcək riskləri tam qiymətləndirə bilmirlər. Ən sağlam model valideynlə övlad arasında dialoq və əməkdaşlığa əsaslanan yanaşmadır. Valideyn istiqamət verən, məlumatlandıran və dəstəkləyən tərəf olmalı, son seçim isə gəncin maraq, qabiliyyət və potensialı nəzərə alınaraq formalaşmalıdır.”

Həmsöhbətimizin fikirlərinə görə, müasir dövrdə uğurun əsas meyarı yalnız “prestijli ixtisas” deyil, insanın öz bacarığını inkişaf etdirə bildiyi sahədə peşəkarlaşmasıdır. Çünki texnologiyanın və əmək bazarının sürətlə dəyişdiyi bir zamanda məcburi seçilmiş peşələrdən daha çox, adaptasiya qabiliyyəti və sevdiyi sahədə inkişaf edən insan kapitalı ön plana çıxır.

Şahnigar Əhmədova, “İki sahil”