08 may 2026 19:28
98

Heydər Əliyev siyasəti bundan sonra da Azərbaycana zəfərlər qazandıracaq

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü xalqımız tərəfindən dərin ehtiram və böyük minnətdarlıq hissi ilə qeyd olunur. Ulu Öndərimizin müdrikliyi, siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan tarixin ən mürəkkəb mərhələlərindən uğurla çıxaraq güclü dövlət kimi formalaşıb. Ulu Öndər Heydər Əliyev, həm də xalqın taleyində müstəsna rol oynayan böyük lider, tarixi şəxsiyyətdir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində bu gün Azərbaycan xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda inamla irəliləyən müasir ölkədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqımızın arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb.

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini öyrənmək uzun illər, dərin elmi-siyasi araşdırmalar tələb edir. Ulu Öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə qətiyyət rəmzinə çevrilib. Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, nüfuzlu  dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasət nəhəngi”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin zirvəsi dahi liderimizin anadan olmasının 103-cü ildönümü ərəfəsində də yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri oyadır.

Sevinc Fətəliyevanın fikrincə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr yüzilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına çalışıb. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.

Onun sözlərinə görə, Heydər Əliyev müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Eyni zamanda, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olan ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir.
Deputat deyib ki, milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biri olub: “Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan vətəndaşları yox, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi”.

Sevinc Fətəliyeva müstəqil ölkəmizdə nizami ordu quruculuğunun da Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların, formalaşan möhkəm təməlin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. “Ən əsası Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Əminliklə söyləmək olar ki, bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın 1993-cü ildən başladığı inkişaf yolunun təqdimatıdır. Bu gün müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Hazırda Azərbaycanda Cənubi Qafqazda yeni reallıqların müəllifi, qalib dövlət kimi dünyada böyük nüfuza sahibdir. Beləliklə, əminliklə söyləmək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Heydər Əliyev siyasəti bundan sonra da Azərbaycana zəfərlər qazandıracaq!”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.