10 may 2026 17:33
81

Jitomirdə Heydər Əliyevlə bağlı məlumat lövhələri quraşdırılıb

Ukraynanın Jitomir şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məlumat lövhələri quraşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Məlumata görə, bu təşəbbüs "Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi"nin təşəbbüsü ilə həyata keçirilib.

Bildirilib ki, lövhələr şəhərin mərkəzi - Nebesna Sotnı, İvana Koçerqi və Velika Berdiçevska küçələrində, Jitomir Şəhər Şurasının, Vilayət Dövlət Administrasiyasının, Ukrayna Mədəniyyət Evinin, mərkəzi parkın, məktəblərin və yaradıcılıq mərkəzlərinin yaxınlığında yerləşdirilib.

Bu təşəbbüs sakinlərə və qonaqlara Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və ölkənin beynəlxalq nüfuzunun artmasında oynadığı mühüm rol haqqında geniş məlumat təqdim edib.

Qeyd edək ki, "Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi" 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibətilə yaradılıb, 2014-cü ildə isə Konqresin Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, eləcə də Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat təqdim olunur.