11 may 2026 13:00
96

Ekipaj üzvləri irqçi davranışlarda ittiham olunurlar

La-Manş boğazında miqrantların xilas edilməsi əməliyyatlarında iştirak edən “Ridens” gəmisinin ekipaj üzvləri ilə bağlı irqçi davranış və nifrət xarakterli ifadələr işlədilməsi iddiaları üzrə ilkin istintaq başladılıb.

“İki sahil” “Le Monde” nəşrinə istinadən xəbər verir ki, Fransa dövləti tərəfindən miqrantlara yardım məqsədilə icarəyə götürülən gəmidə çalışan bəzi dənizçilər miqrantlara qarşı irqçi ifadələr işlətməkdə və qeyri-etik davranış nümayiş etdirməkdə şübhəli bilinirlər. Şahid ifadələrində ekipaj üzvlərinə aid olduğu iddia edilən “çirkli irqlər”, “bu ərəblərin hamısından nifrət edirəm” və “hamısını alovsaçanla yandırmaq lazımdır” kimi ağır ifadələr səsləndirilib. La-Manş və Şimal dənizi Dəniz Prefekturası faktlarla bağlı məlumatlandırıldığını təsdiqləyib və məsələni hüquq-mühafizə orqanlarına yönləndirib. Dunkerk Prokurorluğu tərəfindən “mənşəyə görə ictimai təhqir” və “başqalarının həyatını təhlükəyə atma” maddələri ilə istintaq başladıldığı açıqlanıb.

Gəmini idarə edən şirkət daxili araşdırmanın aparıldığını və bir neçə əməkdaşın vəzifədən uzaqlaşdırıldığını bildirib. Məlumata görə, azı dörd dənizçi, o cümlədən bir kapitan artıq gəmidən kənarlaşdırılıb.