Fransa Afrika ölkələrinə 14 milyard avro dövlət və özəl vəsait investisiya edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Nayrobidə keçirilən "Afrika irəli" sammiti çərçivəsində baş tutan biznes-forumun yekunları üzrə bildirib.
"Bu gün Afrika qitəsi üçün 23 milyard avro investisiya elan edilib. 23 milyarddan 14-ü burada təmsil olunan həm iri, həm də orta və kiçik müəssisələr olmaqla, Fransa şirkətlərinin payına düşür", - o bildirib.
Makron vəd edib ki, pullar sammitin keçirildiyi Keniyaya, eləcə də digər Afrika ölkələrinə yönəldiləcək, bununla yanaşı Fransa və Afrikada 250 min iş yerinin yaradılması planlaşdırılır.
Makron həmçinin hazırda Fransanın sədrlik etdiyi "Böyük Yeddilik" (G7) çərçivəsində Afrika qitəsində investisiyaların razılaşdırılması planları barədə də danışıb. O, özəl vəsaitlərin cəlb edilməsi zərurətini xüsusi vurğulayıb.
"Afrika irəli" (Africa Forward) sammiti mayın 11-dən 12-dək Nayrobidə Fransa və Keniya tərəfindən birgə təşkil edilib.