İsrail ordusu hazırda Livanın cənubunda 68 kəndə nəzarət edir.
“İki sahil” xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.
Nəvaf Salam qeyd edib ki, son müharibədən əvvəl İsrailin nəzarətində yalnız beş mövqe olub. Onun sözlərinə görə, hazırda İsrail qüvvələri Litani çayının cənubunda yerləşən ərazilərin təxminən yarısını, o cümlədən 68 kəndi nəzarətdə saxlayır.
İsrail tərəfi isə hərbi əməliyyatları ölkənin şimal bölgələrinin təhlükəsizliyinin təmin olunması ilə əsaslandırır. Rəsmi Təl-Əviv “Hizbullah”ın yenidən möhkəmlənməsinin qarşısını almaq və İsrailin şimal bölgələri üçün mövcud təhdidi aradan qaldırmaq məqsədilə əməliyyatların davam etdirildiyini bildirir.
Livan hökuməti İsrailin ölkənin cənubunda həyata keçirdiyi hərbi əməliyyatları beynəlxalq hüququn və ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir.
Xatırladaq ki, İsrail və Livan hökumətləri “Hizbullah”la münaqişə fonunda atəşkəs barədə razılığa gəlsələr də, qarşılıqlı hücumlar davam edir. Məlumata görə, mart ayının əvvəlindən bəri Livana qarşı hərbi əməliyyatlar nəticəsində 2869 nəfər həlak olub.