12 may 2026 21:21
108

Türkiyədə ərzaq təhlükəsizliyi ilə bağlı problem yoxdur

Su qıtlığı və iqlim böhranı pandemiya, müharibələr və dünyadakı münaqişələrlə birlikdə ərzaq təhlükəsizliyinin təmin edilməsinin aktuallığını daha da artırır. Bu gün biz, həmçinin “ərzaq proteksionizmi”nin qlobal yayılması kimi çağırışla üz-üzəyik. Xoşbəxtlikdən Türkiyə problemlərin qarşısını almaq üçün zəruri tədbirləri əvvəlcədən görüb.

“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Ümumdünya Fermerlər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti addımlarında “Anbarın açarına sahib olan gücə sahibdir” prinsipinə əsaslanır.

“Bir tərəfdən balanslaşdırılmış xarici siyasət vasitəsilə Türkiyəni və xalqımızı qoruyuruq, digər tərəfdən isə 86 milyon vətəndaşın ərzaq təhlükəsizliyini təmin edirik. Mənfi amillərin təsirinin qarşısını almaq üçün böhranların ilk günündən ayıq-sayıq davranırıq. İranı və Körfəz regionunun qardaş ölkələrini sarsıdan eskalasiyanın Türkiyənin kənd təsərrüfatına da təsir göstərə biləcəyini anlayırıq”, – deyə o bildirib.

Dövlət başçısı bununla bağlı Türkiyədə gübrə qıtlığının olmadığını vurğulayıb. O qeyd edib ki, əlavə tədbirlər də görülüb, o cümlədən gömrük rüsumları azaldılıb və kənd təsərrüfatı təyinatlı bir sıra məhsulların ixracı tam dayandırılıb.

Rəcəb Tayyib Ərdoğan xatırladıb ki, Türkiyə tərəvəz istehsalına görə dünyada üçüncü, meyvə istehsalına görə isə dördüncü yerdədir. “21 bitkiçilik məhsulu üzrə dünya liderləri üçlüyünə daxilik. Süd, mal əti, toyuq əti və yumurta istehsalında lider ölkələr sırasındayıq. Bal istehsalına görə Avropada birinci, akvakultura sahəsində isə ikinci yeri tuturuq. 117 ölkəyə ixrac etdiyimiz toxum istehsalına görə dünyanın ilk on ölkəsi arasındayıq”, – deyə o sadalayıb.

Türkiyə Prezidenti ümumi həcmi 500 milyon dollar olan kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədli yeni “kredit portfeli”nin yaradılacağını açıqlayıb. “400 minədək fermerin istifadə edə biləcəyi yeni təchizat marşrutları da formalaşdıracağıq. Ölkəmizdə 206 növ kənd təsərrüfatı bitkisi yetişdirilir. Onların bir çoxu üzrə özümüzü tam təmin edirik. Əminliklə bildirirəm ki, Türkiyədə kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.