Parlamentlərarası qurulan güclü kommunikasiya mexanizmi yalnız dövlətlərarası münasibətləri deyil, xalqlar arasında həmrəyliyi də daha da gücləndirir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Muhammet Alper Hayali Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, parlament diplomatiyası vasitəsilə ortaq tarix, ortaq kimlik və ortaq gələcək vizyonu daha güclü şəkildə institutsionallaşır.
“Bu gün Türk dünyasının bir çox mühüm məsələlərində ortaq hərəkət etmə qabiliyyətinin artması məhz diplomatik əməkdaşlığın uğurlu nəticələrindən biridir. Mayın 15-də keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Türk dünyasının bölgədə nə qədər güclü birlik formalaşdırdığını və ortaq məqsədlər ətrafında birləşdiyini açıq şəkildə nümayiş etdirib. Zirvə görüşündə verilən birlik və həmrəylik mesajları göstərdi ki, türk dövlətləri yalnız tarixi və mədəni bağlarla deyil, güclü diplomatik münasibətlər, strateji əməkdaşlıq və zərurət yarandıqda ordularının ortaya qoyduğu çəkindirici güc sayəsində də bölgənin mühüm aktorlarından birinə çevriliblər”, – deyə o bildirib.
Muhammet Alper Hayali vurğulayıb ki, Sovet İttifaqının dağılmasından sonra ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin “Adriatikdən Çin səddinə qədər Türk dünyası doğulmuşdur” - fikri uzun illər potensial təhlükə kimi qiymətləndirilib və bu birliyin tam şəkildə formalaşmasına maneələr yaradılıb: “Lakin bu gün Türk dövlətləri ortaq diplomatiya, iqtisadi əməkdaşlıq, müdafiə potensialı və institutsional həmrəylik sayəsində birlikdə hərəkət edə bildiklərini nümayiş etdirirlər. Türk dövlətləri hər zaman bölgədə sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Eyni zamanda Türk dünyası malik olduğu siyasi iradə, diplomatik imkanlar və hərbi güc vasitəsilə öz maraqlarını, müstəqilliyini və qardaş xalqların təhlükəsizliyini qorumaq qüdrətinə sahibdir”.
TÜRKPA Baş katibinin müavini əlavə edib ki, Türk dünyasının birliyini və həmrəyliyini sınamaq istəyənlər yaxın keçmişdə səsləndirilən bəzi təhdidlərin bu gün necə nəticəsiz qaldığını açıq şəkildə görürlər.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib - YENİLƏNİB
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb
Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq