16 may 2026 17:00
120

Vüqar Rəhimzadə: Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarından biridir

Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Türk dövlətlərinin birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi əsas çağırışlar sırasındadır. Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi bu birliyin gücləndirilməsinə, Türk Dövlətləri Təşkilatının (TDT)  beynəlxalq nüfuzunun daha da artmasına davamlı töhfələri ilə diqqətdədir. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” çağırışı özündə bütün məqamları ehtiva edir. Bunun üçün Azərbaycanın təşəbbüsləri fonunda Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolunun xronologiyasına diqqət yetirmək kifayətdir. Təşkilat  Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq platformalardan birinə çevrilib. Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq üzərində formalaşan əməkdaşlıq artıq keyfiyyətcə yeni mərhələyə daxil olub. Əgər əvvəlki dövrlərdə münasibətlərin əsasını daha çox mədəni-humanitar əlaqələr təşkil edirdisə, bu gün TDT siyasi koordinasiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələlərini özündə birləşdirən çoxtərəfli strateji əməkdaşlıq platforması kimi çıxış edir.

Bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Prezident İlham Əliyev türkdilli ölkələrin dövlət və hökumət başçıları ilə qarşılıqlı səfərlər əsasında keçirdiyi görüşlərdə, Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarındakı  çıxışlarında  daim bildirir ki, təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq. Azərbaycan dövlətinin başçısı bu mühüm məqamı da xüsusi qeyd edir ki, dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Bu, bizim çox böyük üstünlüyümüzdür. Ondan sonra coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Bütün bu amilləri nəzərə alaraq  təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Dövlət başçısı təşkilatın  inkişafında  Zirvə görüşlərinin böyük əhəmiyyətə malik olduğunu önə çəkərək belə görüşlərin müntəzəm keçirilməsi fonunda  Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin  də təşkil edildiyini bildirir. Birinci belə qeyri-rəsmi Zirvə görüşü Qarabağın incisi Şuşada keçirildi. Artıq bu, ənənə halını alıb. Dövlət başçılarının  ildə ən azı iki dəfə görüşmələri bir daha göstərir ki, həm müzakirə edilməli məsələlər çoxdur, həm də dünyada proseslər o qədər sürətlə gedir ki, TDT-yə üzv ölkələrin daim  məsləhətləşmələr aparmalarına, bir-birinin  fikirlərini öyrənməyə və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımların  atılmasına böyük ehtiyac var.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, bu ənənəyə uyğun olaraq ötən ilin mayında qeyri-rəsmi Zirvə görüşü Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik olan Macarıstanda keçirildi. Həmçinin oktyabr ayında Qəbələ şəhərində  Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirildi. Prezident İlham Əliyev Qəbələ Zirvə görüşündəki çıxışında “Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir” söyləyərək  1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamış, 2026-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etmişdi

Artıq ənənəyə çevrilən qeyri-rəsmi Zirvə görüşləri çərçivəsində  mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının  Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin  iyun ayında Bakıda keçiriləcəyini bildirdi və bu əminliyini ifadə etdi ki,  tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.

Vüqar Rəhimzadə vurğulayıb ki, Türküstan Zirvə görüşü də mühüm çağırışları ilə beynəlxalq ictimaiyyətin  diqqət mərkəzində oldu. Tədbirin mövzusu bugünümüz və gələcəyimizlə bağlı mühüm hədəfləri özündə əks etdirir. Belə ki, “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda müzakirələrin aparılmasına, ortaq məqsədlərin müəyyənləşdirilməsinə geniş imkanlar açan Türküstan Zirvə görüşündə Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb. Ötən il ölkəmizdə Süni İntellekt Strategiyasının  qəbul edildiyini diqqətə çatdıran dövlət başçısı onu da əlavə etdi ki,  Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir. Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Millət vəkili bildirib ki, bütün dövrlərdə əsas çağırış Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsidir. Dövlət başçısı İlham Əliyev Türküstan Zirvə görüşündə bir daha bildirdi ki,  ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək. Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun  təşkil ediləcəyi də diqqətə çatdırıldı.

Səfər şərçivəsində   Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış oldular və Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak etdilər. Layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək Mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etdirməkdir. Həmçinin “GovTech” rəqəmsal həllərin təqdimatı oldu. Qazaxıstanda süni intellektin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə qonaqlara məlumat verildi. O da  qeyd edildi ki, türk dövlətləri arasında, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündəki çıxışında  gələcəyin dünyasında daha çox söz və təsir sahibi ola bilmək üçün xüsusilə texnologiyada əməkdaşlığımızı ən üst səviyyəyə çıxarmaq məcburiyyətində olduğumuzu önə çəkərək bildirdi ki, bu məqsəd keyfiyyətli insan resursu, güclü rəqəmsal infrastruktur və dataəsaslı ictimai idarəetmə anlayışı üzərində inşa edilməli, Türk dünyası arasındakı əlaqələr qüvvətləndirilməlidir. Rəqəmsal transformasiya prosesində geri qalmağımızın müstəqilliyimizi də təhdid edən bir ünsür olacağının fərqindəyik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev TDT-də səmərəli sədrliyinə və təşkilatın beynəlxalq nüfuzunun gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə  Prezident İlham  Əliyevə  təşəkkür  etdi.

Vüqar Rəhimzadə qeyd edib ki, Zirvə görüşü çərçivəsində qəbul olunan Türküstan Bəyannaməsi Türk dünyasının birliyinə, gələcək inkişafına yönələn çağırışları özündə ehtiva edir. Türküstan Zirvə görüşü bu reallığı bir daha təsdiqlədi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatında hər zaman fəal və təşəbbüskar mövqeyi ilə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Türk dünyasının birliyi  ilə bağlı irəli sürdüyü təşəbbüslər təşkilat daxilində yüksək qiymətləndirilir. Hazırda Türk dünyası geniş coğrafiyanı, böyük iqtisadi potensialı, zəngin enerji resurslarını və strateji tranzit imkanlarını özündə birləşdirən mühüm geosiyasi məkan kimi çıxış edir. Bu amillər Türk Dövlətləri Təşkilatını  beynəlxalq münasibətlər sistemində artan təsir imkanlarına malik çoxtərəfli əməkdaşlıq platformasına çevirir. Təşkilata üzv dövlətlər arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə uğurla inkişafı onların ümumilikdə ortaq hədəfə doğru inamla addımlamalarına stimul verir. Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında qeyd etdi ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri oldu.  Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır. Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə Prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırıb.

Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Azərbaycan  geostrateji mövqeyi,  təşəbbüskar diplomatik fəaliyyəti ilə Türk dünyasının əsas birləşdirici aktorlarından birinə çevrilib.