22 may 2026 14:22
160

Nazir Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndi şəhərində Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərini qəbul edib.

“İki sahil” xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, pensiya və sosial müavinət, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Vətəndaşların müraciətləri  araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Onlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.