22 may 2026 15:12
164

WUF13-ün nəticəsi Bakıda verilən öhdəliklərin icrası ilə ölçüləcək

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğuru yalnız səsləndirilən ideyalarla deyil, şəhərlərdə və dövlət siyasətlərində həyata keçiriləcək konkret addımlarla qiymətləndiriləcək.

“İki sahil” xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekun günü təşkil olunan mətbuat konfransında səsləndirib.

Anaklaudia Rossbax bildirib ki, forum həftəsi ərzində tədbirdə 865 media nümayəndəsi iştirak edib. Bu göstərici şəhərlərin üzləşdiyi çağırışların aktuallığını və həll yollarına artan tələbatı əks etdirir. Onun sözlərinə görə, şəhərlər həllər tələb edir və tərəfdaşlar bu çağırışlara cavab verir.

İcraçı direktor qeyd edib ki, WUF13 mənzil təminatı, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar məsələlərinin qlobal gündəlikdə xüsusi əhəmiyyət daşıdığı bir dövrdə keçirilib.

Anaklaudia Rossbax vurğulayıb ki, dünya hazırda görünməmiş miqyas alan qlobal böhranla üz-üzədir. Milyardlarla insan əlçatanlıq problemləri, məcburi köçkünlük, qeyri-formal məskunlaşma, iqlim dəyişikliklərinə həssaslıq və yaşayış şəraitinin pisləşməsi ilə qarşılaşır.

“Mənzil məsələsi artıq ayrıca sektor deyil. Bu, şəhərlərimizdə və cəmiyyətlərimizdə bərabərsizliyi, imkanları, dayanıqlılığı, sabitliyi və sülhü formalaşdıran sistem xarakterli çağırışdır”, – deyə o əlavə edib.

UN-Habitat rəhbəri bildirib ki, WUF13 çərçivəsində şəhər transformasiyası istiqamətində qlobal tərəfdaşlıq platforması formalaşıb və artıq əsas məsələ yeni gündəlik müəyyənləşdirmək deyil, qəbul olunan qərarların icrasını təmin etməkdir. Onun sözlərinə görə, forumun nəticələri Dayanıqlı İnkişaf Məqsədləri, Paris Sazişi və Yeni Şəhər Gündəliyinin icrasına dəstək verəcək.

Anaklaudia Rossbax əlavə edib ki, növbəti Ümumdünya Şəhərsalma Forumu 2028-ci ildə Meksikanın paytaxtında keçiriləcək.