25 may 2026 19:33
108

Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərdən şaddır

Ermənistanın hazırkı rəhbərliyinin qonşu ölkələrə, əsasən də Türkiyə və Azərbaycanla yaxınlaşmağa inadlı cəhdləri əməli addımlarla müşayiət olunur. İki yüz illik tarixində Ermənistanın ilk başçısıdır ki, yersiz və gülünc ərazi iddialarından, mənasız müharibə və kütləvi qırğınlardan əl çəkib qonşularla qarşılıqlı əməkdaşlıq mühitində yaşamağın tərəfdarı kimi çıxış edir. O, bunu həm öz ölkəsində, həm də xaricdə dəfələrlə açıq mətnlə bildirib. Bu günlərdə baş nazir yeni bir çıxışı ilə də bunu bir daha sübut edir.

“Axalkalaki-Qars dəmir yolu respublikaya ixrac və idxal üçün açıqdır.”

Mətbuat xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O daha sonra bəyan edib: "Axalkalaki - Qars dəmir yolunun, eləcə də Azərbaycan dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən şadam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür edirəm".

Məlumdur ki, otuz ildən artıq Türkiyə və Azərbaycan dəmir yollarının işğalçı Ermənistanın üzünə bağlanması bu ölkəni ağır iqtisadi duruma salmışdı. Lakin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Azərbaycanla sülh müqaviləsini imzalamağa məcbur olan Ermənistan rəhbəri Türkiyə ilə də düşmən münasibətləri tənzimləməyə çalışıb və müəyyən qədər buna nail ola bilib. Bunun üçün 1965-ci ildən üzü bəri ortaya atılmış saxta “erməni soyqırımı”ndan tamamilə imtina edərək aldanmış erməniləri düzgün yola dəvət edib. Ümummiyyətlə, baş nazirin daxili və xarici siyasətinin əsas məqsədqlərindən biri qonşularla münasibətləri sivil həddə çatdırmaq və normallaşdırmaqdır. Düzdür, onun qurmaq istədiyi  normal qonşuluq münasibəti bəzi qüvvələrin xoşuna gəlmir. Ancaq baş nazir bədxahlara qarşı inadla mübarizə aparır və öz barış xəttini yeririr.

Nikol Paşinyanın sözlərinə görə, hazırda Ermənistan Gürcüstan və Azərbaycan ərazilərindən, Rusiya və Qazaxıstandan keçməklə Çinlə dəmir yolu əlaqəsinə malikdir. İndi bu istiqamətlərə, o cümlədən Avropa İttifaqı ilə əlaqəni təmin edən, Gürcüstan və Türkiyədən keçən marşrut da qoşulub. Əlbəttə, əvvəllər uzun illər blokadada boğulan Ermənistan üçün bu, “nəfəslik” və böyük nailiyyətdir. Çünki bununla ölkə başqaların süni surətdə yaratdıqları blokadadan tamamilə çıxır.   Rusiyanın göndərdiyi yük qatarlarının Azərbaycan ərazisindən keçməklə Ermənistana getməsi həm qısa, həm də ucuz başa gələn marşrutdur. Azərbaycanın öz qatarları ilə qıtlıq çəkən qonşu ölkəyə dəfələrlə yanacaq göndərməsi Ermənistan hakimiyyəti tərəfindən minnətdarlıqla qəbul edilmişdir. Ermənilər yanacaq bolluğunu görüncə daha evlərində ehtiyat benzin alıb saxlamırlar. Yəni onlar normal qonşuluğun şirin bəhrəsini dadırlar.

Baş nazir qeyd edib ki, tezliklə Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında, daha sonra isə Naxçıvan vasitəsilə Ermənistanla İran arasında birbaşa dəmir yolu əlaqəsinin işə salınması gözlənilir. Bütün bunlar Türkiyə və Azərbaycanın razılığı ilə davam edə bilər. Paşinyan başa düşür ki, iqtisadiyyatın gücləndirilməsində və Avropa bazarlarına çıxışda yol-nəqliyyat infrastrukturunun yaradılması ən vacib məsələdir. Həmin çıxışlar isə adları çəkilən iki ölkədən daha çox asılıdır. Deməli, əsassız torpaq iddialarına və davam etdirilən ağılsız düşmənçiliyə birdəfəlik son qoymaq və dövlətlərlə normal münasibətlər formalaşdırmaq tələb olunur. Ona görə də bu xətti yeridən Nikol Paşinyanın parlament seçkilərində qalib gəlməsi vacibdir. Seçki marafonunda onun partiyası digər üç iddialı namizədlə müqayisədə irəlidə gedir. Parlament seçkilərinin başa çatmasına isə sayılı günlər qalır. Görək “kim kimi” məsələsi necə həll oluncaq?

Vəli İlyasov, “İki sahil”