Son illərdə Azərbaycanın Afrika ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib. Hətta siyasi dialoq daha da intensivləşib, diplomatik əlaqələr artıb və müxtəlif sahələr üzrə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Şübhəsiz, ölkəmizin Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi, üzv ölkələrin maraqlarının beynəlxalq platformalarda təbliğ olunması Fransanın zülmündən əziyyət çəkən Afrika dövlətləri ilə əməkdaşlığımıza yeni təkan verib. Məhz həmin illərdə Afrika dövlətləri Azərbaycanı müstəqil siyasət yürüdən və öz sözünü deyən aktor kimi daha yaxından tanımağa başlayıblar
”COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir” deyən Prezident İlham Əliyev Afrikanın üzləşdiyi problemləri aradan qaldırmaq məqsədilə bu və ya digər beynəlxalq tədbirlərdə həmin dövlətlərə dəstək göstərilməsinin vacibliyini bütün dünyaya bəyan edib.
Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da rəsmi Bakı Afrika ölkələrinin maraqlarına sadiq olduğunu nümayiş etdirib. Bu da Afrika ölkələri ilə əlaqələrin möhkəmlənməsinə öz növbəti töhfəsini verib. Bir sözlə, Azərbaycan qlobal platformalarda həmişə Afrika ölkələrinin legitim narahatlıqlarını səsləndirən dövlətlərdən biri kimi tanınıb.
Yeri gəlmişkən qeyd edək ki, Afrika ilə bağlı ölkəmizdə mütəmadi tədbirlər keçirilir. Məsələn, bu ilin martında XIII Qlobal Bakı Forumu çərçivəsində "Afrika – bu gün və sabah" adlı panel sessiya təşkil edilmişdi. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir” mövzusunda tədbirlə yanaşı, nümayiş etdirələn sərgidə Afrika ölkələrinin şəhərsalma mənzərəsi iri planda təqdim olunmuşdu.
Tam əminliklə deyə bilərik ki, hazırda Prezident İlham Əliyevin uzaqgörən strateji baxışına əsaslanan siyasət nəticəsində Afrika ölkələri ilə əlaqələrin dərinləşdirilməsi davam etdirilir. Müxtəlif sahələr üzrə əməkdaşlıq xətti genişləndirilir, qitə ilə münasibətlərdə Azərbaycanın milli maraqlarına uyğun yeni hədəflər ardıcıl şəkildə gerçəkləşdirilir.
Son üç ildə Azərbaycan və Afrika ölkələri arasında 30-dan çox yüksək səviyyəli səfər həyata keçirilib. Təkcə ötən ildən etibarən Afrika ölkələri ilə 12 siyasi məsləhətləşmə keçirilib. Hazırda Azərbaycan Mərkəzi Afrika Respublikası istisna olmaqla bütün Afrika ölkələri ilə diplomatik münasibətlərə malikdir. Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin verdiyi məlumata əsasən qeyd edək ki, bu ilin sentyabr ayında həmin ölkə ilə də diplomatik əlaqələrin qurulması planlaşdırılır. Yeri gəlmişkən, Afrika BMT Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır və Azərbaycan bu təşəbbüsü tam dəstəkləyir. Bütün bunlar barədə Azərbaycan Xarici İşlər Nazirliyinin, Bakı Dövlət Universitetinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı ilə mayın 25-də “Afrika Günü” münasibətilə Bakıda keçirilən beynəlxalq konfransda danışılıb.
Afrika ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlərinin, Milli Məclisin deputatlarının, dövlət qurumlarının rəhbər şəxslərinin, ali təhsil müəssisələrinin nümayəndələrinin, ekspertlərin, həmçinin ölkəmizdə təhsil alan afrikalı tələbələrin iştirakı ilə keçirilən mərasimdə bildirilib ki, son üç ildə Azərbaycan ilə Afrika arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə 4,3 milyon ABŞ dolları olan göstərici 2025-ci ildə 580 milyon dollara çatıb. Bu ciddi artım iqtisadi tərəfdaşlığımızın geniş potensiala malik olduğunu nümayiş etdirir. Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarşın sözlərinə görə, Afrika ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm strateji imkanlar mövcuddur. Vurğulanıb ki, enerjidən mədənçiliyə, humanitar təşəbbüslərdən təhsil və idarəetmə islahatlarına qədər uzanan geniş spektr Azərbaycanın Afrika ilə tərəfdaşlığının gələcək perspektivdə daha da genişlənəcəyini söyləməyə əsas verir. Şübhəsiz, Afrika dövlətlərinin böyük maraq göstərdiyi “ASAN xidmət” modeli əməkdaşlığın daha bir mühüm xəttini təşkil edir.
Məlumat üçün bildirək ki, “Afrika Günü” hər il mayın 25-də Afrika İttifaqının yaradılması münasibətilə beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün münasibətilə "X" sosial şəbəkə platformasında etdiyi paylaşımda bildirilir ki, Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir: “Ticarət, təhsil, enerji, dayanıqlı inkişaf və humanitar təşəbbüslər daxil olmaqla müxtəlif sahələrdə Afrika tərəfdaşlarımızla əməkdaşlığımızı yüksək qiymətləndirir, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik”. Bu mənada Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə Baş İdarəsinin rəisi Elməddin Mehdiyevin sözləri ilə desək, Afrika bizim xarici siyasətimizdə yeni bir istiqamət olsa da, bu, xarici siyasətimizin ən vacib istiqamətlərindən birinə çevrilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”