25 may 2026 18:55
135

Biz doğma torpaqlarımıza qayıdırıq…

Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 119 ailə olmaqla 535 nəfər köçürülüb

Qarabağ və Şərqi Zəngəzur hazırda nəhəng tikinti meydançasını xatırladır. Bu günədək işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib. 3 beynəlxalq hava limanı və müasir dəmir yolları inşa edilib. 85 mindən çox insan artıq Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır.

Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində qeyd edib ki, Azərbaycan bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırıb: “Dəmir yolları, məktəblər, xəstəxanalar-bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər”.

Qarabağda və Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin bərpası və milli-mənəvi dəyərlərimizin dirçəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. İşğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri müasir şəhərsalma standartlarına uyğun olaraq sürətlə davam edir. 30 illik işğaldan azad edilən  bu bölgələrdə iri şəhərlərlə yanaşı, kəndlər də “Ağıllı kənd” konsepsiyası əsasında tamamilə yenidən qurulur. Böyük Qayıdış Proqramının birinci mərhələsinin yekununda-2026-cı ilin sonunadək Qarabağda və Şərqi Zəngəzurda 140 mindən çox insanın daimi məskunlaşması nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Mayın 25-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastrukturun yaradıldığı Şükürbəylidə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə, 2522 nəfərin 615 ailənin köçürülməsi nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı layihələrin fonunda bir daha əminliklə demək olar ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Zahid Rza, “İki sahil”