Azərbaycan, zəngin karbohidrogen resurslarından səmərəli istifadə edərək Cənubi Qafqazın lider dövlətinə və Avropanın enerji təhlükəsizliyinin əsas qarantlarından birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu "Əsrin Müqaviləsi" ilə təməli qoyulan bu strateji kurs, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni yaşıl enerji və rəqəmsal transformasiya mərhələsinə qədəm qoyub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və nəhayət, Cənub Qaz Dəhlizi kimi qlobal meqa-layihələrlə Avrasiyanın enerji xəritəsini yenidən cızan ölkəmiz, hazırda həm də bərpa olunan enerji mənbələri üzrə regional mərkəz statusunu möhkəmləndirir. Bu məqsədyönlü strategiya Azərbaycanı qlobal miqyasda həm etibarlı tərəfdaş, həm də iqtisadi diplomatiyanın idarə olunduğu mühüm geosiyasi mərkəz kimi qəbul etdirmişdir.Məhz bu uğurlu və çoxşaxəli enerji siyasətinin məntiqi nəticəsi, qlobal platformalarda qazanılan yüksək reputasiyanın real təzahürü olaraq, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Hazırda sözügedən tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, iyunun 1-də start götürən Bakı Enerji Həftəsində dünyanın 44 ölkəsindən 274 şirkət iştirak edir. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Bakı Enerji Həftəsinin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bir daha tədbirin yüksək beynəlxalq statusunu və əhəmiyyətini nümayiş etdirir. Bakı Enerji Həftəsi artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi. Rəsmi açılış mərasimindəki çıxışında “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi Bakı Enerji Həftəsi adlanır. Dövlət başçımız bu məqamı da xüsusi qeyd etdi ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq. Günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizindən geniş bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, “bu gün bu layihə, sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il Bakı Enerji Həftəsində Azərbaycan qazını 12 ölkənin aldığı qeyd edilirdisə, bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir.” Ölkələrin sayının artacağını əminliklə söyləyən Prezident vurğuladı ki, boru xətti ilə qazın müxtəlif ölkələrinə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti - SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.
Deputat vurğulayıb ki, Azərbaycan yürütdüyü uzaqgörən siyasət sayəsində bu gün Avrasiyanın ən vacib nəqliyyat qovşaqlarından birinə çevrilmişdir. Prezident İlham Əliyev öz çıxışında bu mühüm məqamı xüsusi vurğulayaraq diqqəti ölkəmizin regionda yaratdığı yeni reallıqlara yönəldib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu irimiqyaslı sərmayələr sayəsində ölkəmiz yeni nəqliyyat dəhlizlərinin açılmasına və qitələrin bir-biri ilə əlaqələndirilməsinə nail olub. Bu gün qlobal ticarət xəritəsində xüsusi çəkisi olan Şərq-Qərb dəhlizi artıq uğurla fəaliyyət göstərir. Bununla yanaşı, bu nəhəng şəbəkənin yeni və strateji qolu olacaq Zəngəzur dəhlizinin də inşa ediləcəyi qətiyyətlə diqqətə çatdırılıb.
K.Bayramov əlavə edib ki, Azərbaycanın onilliklər boyu böyük qətiyyətlə formalaşdırdığı müstəqil enerji siyasəti, bu gün qazanılan bütün böyük uğurlarımızın davamlılığını şərtləndirən əsas amildir. Məhz bu uğurlu strategiyanın məntiqi davamı olaraq, hər il ənənəvi şəkildə keçirilən Bakı Enerji Həftəsi qlobal miqyasda tamamilə yeni əməkdaşlıqlara yol açır. Platforma çərçivəsində imzalanan hər bir rəsmi sənəd ölkəmizin beynəlxalq arenada yeni tərəfdaşlar, etibarlı dostlar qazanmasını təmin edir. Dövlət başçısı bu möhtəşəm tədbirin gələcək perspektivlərinə toxunaraq bir daha birmənalı şəkildə bu əminliyi ifadə etdi: Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr, qurulan sıx təmaslar, irəli sürülən yeni ideyalar və nəticəyönümlü planlar qlobal enerji ailəsinin hər bir üzvü üçün dərindən faydalı olacaqdır.