Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi (Milli) Bankları Şurasının ikinci iclası çərçivəsində Macarıstan Mərkəzi Bankının rəhbəri Mihály Varga ilə Anlaşma Memorandumu imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Taleh Kazımov sosial media hesabında paylaşım edib.
Bildirilib ki, memorandum iki qurum arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.
Sənədə əsasən, pul siyasəti, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahələrində müntəzəm məlumat və təcrübə mübadiləsi aparılacaq.
Eyni zamanda görüşlər, seminarlar, bilik mübadiləsi təşəbbüsləri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə texniki əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, memorandumun məqsədi Azərbaycan və Macarıstanın maliyyə institutları arasında əlaqələri dərinləşdirmək, təcrübə paylaşımını artırmaq və maliyyə sektorunda əməkdaşlığın yeni istiqamətlərini inkişaf etdirməkdir.