10 iyun 2026 19:00
102

Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı: Strateji tərəfdaşlıq nümunəsi

Cənubi Qafqaz və onun ətrafındakı geosiyasi mənzərə qlobal tədarük zəncirlərinin qırıldığı, ənənəvi tranzit marşrutlarının dəyişdiyi və təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı dinamik bir dövrdən keçir. Belə bir şəraitdə Bakı-Tbilisi-Ankara oxu təkcə regional əməkdaşlıq formatı deyil, həm də Avrasiyanın geosiyasi və geoiqtisadi xəritəsini müəyyən edən ən etibarlı strateji ittifaqlardan birinə çevrilmişdir. Bu üçlüyün ortaq strateji hədəfləri həm milli maraqların təmin edilməsinə, həm də qlobal miqyasda regional əhəmiyyətin artırılmasına yönəlib. 2026-cı il iyunun 8-də İstanbulda keçirilən xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü və imzalanan Bəyannamə tərəfdaşlığın siyasi-təhlükəsizlik bünövrəsini yenidən təsdiqlədi.

Qlobal miqyasda geosiyasi böhranların yaşandığı, logistik xətlərin təzyiqlərə məruz qaldığı və iqtisadi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Bakı, Tbilisi və Ankara oxunda əlaqələrin daha da dərinləşməsi böyük əhəmiyyət kəsb edir. Bu üçtərəfli format sadəcə növbəti diplomatik təmas deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin, etibarlı tərəfdaşlığın və təhlükəsizliyin əsas təminatçısıdır desək yanılmarıq. Üç qonşu ölkə arasında əlaqələrin bu cür yüksələn xəttlə inkişafı fonunda əldə olunan ortaq platforma regional iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi qlobal layihələrlə Avropanın enerji xəritəsini dəyişən bu ittifaq mövcud əlaqələri yeni bir mərhələyə daşıyır. Azərbaycanın öz təbii qazını artıq 16 ölkəyə ixrac etdiyi indiki şəraitdə Gürcüstanla qaz alqı-satqısı müqaviləsinin müddətinin uzadılması, həmçinin SOCAR və Türkiyənin BOTAŞ şirkəti arasında "Abşeron" yatağının ikinci mərhələsindən qaz tədarükünə dair əldə edilən yeni razılaşma regional və qlobal enerji təhlükəsizliyinə növbəti böyük töhfədir. Enerji sektoru ilə yanaşı, nəqliyyat və kommunikasiya xətlərinin genişləndirilməsi də bu üçtərəfli tərəfdaşlığın prioritet istiqamətlərindəndir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta Dəhlizin inkişafında hər üç dövlət əvəzolunmaz magistral rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin uğurla başa çatdırılması və sərnişin reyslərinin bərpa olunması regional mobilliyi maksimum dərəcədə artıracaq. Eyni zamanda, TRIPP layihəsinin icrası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, təhlükəsiz bağlantının təmin edilməsi həm iqtisadi sıçrayış yaradacaq, həm də dövlətlərarası etimadı və inteqrasiyanı xeyli gücləndirəcək.

Xarici işlər nazirlərinin İstanbul görüşündə xüsusi diqqət yetirilən ən mühüm istiqamətlərdən biri də regional təhlükəsizliyin əsas şərti olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi olub. Üçtərəfli platformada rəsmi Bakının postmünaqişə dövründə irəli sürdüyü sülh quruculuğu təşəbbüslərinin və həyata keçirdiyi etimad quruculuğu tədbirlərinin normallaşma gündəliyinin irəliləməsinə verdiyi mühüm töhfələr yüksək qiymətləndirilib. Azərbaycanın bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün atdığı addımların, konstruktiv mövqeyinin və sülh müqaviləsi layihəsi üzərində apardığı fəal işin regionun gələcək inkişafı üçün tarixi bir fürsət yaratdığı diqqətə çatdırılıb. Bununla yanaşı, əldə olunmuş bu unikal tarixi imkanı qalıcı və dayanıqlı sülhə çevirmək üçün qətiyyətli addımların atılmasının vacibliyi bir daha bəyan edilib. Görüşdə, həmçinin vurğulanıb ki, iki ölkə arasında münasibətlərin tam normallaşmasına və yekun sülh sənədinin imzalanmasına mane olan fundamental, açıq qalmış məsələlər mütləq şəkildə həllini tapmalıdır. Xüsusilə Ermənistanın daxili qanunvericiliyində, o cümlədən Konstitusiyasında Azərbaycana qarşı hələ də qalan hüquqi-siyasi ərazi iddialarının tamamilə aradan qaldırılması sülh prosesinin uğurla tamamlanması üçün qaçılmaz şərtdir. Bakı-Tbilisi-Ankara ittifaqı Cənubi Qafqazın dinc və təhlükəsiz gələcəyini dəstəkləyir, lakin qonşuluq münasibətlərinin beynəlxalq hüququn norma və prinsipləri, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qurulması üçün İrəvanın da üzərinə düşən məsuliyyəti tam yerinə yetirməsi tələb olunur.

Görüşün yekununda imzalanan tarixi İstanbul Bəyannaməsi tərəflərin təkcə iqtisadi və logistik sahədə deyil, həm də terrorizm, mütəşəkkil cinayətkarlıq, kibertəhdidlər və iqlim dəyişikliyi kimi qlobal çağırışlara qarşı vahid cəbhədə birləşdiyini təsdiqləyir. Azərbaycanın Türkiyənin COP31-ə ev sahibliyinə verdiyi tam dəstək də bu sarsılmaz qardaşlıq və strateji müttəfiqliyin bariz nümunəsidir. Yaxın Şərqdə gərginliyin artdığı indiki həssas dövrdə Bakı-Tbilisi-Ankara formatı beynəlxalq hüquqa söykənən sabitlik vahididir və bu əlaqələrin daha da inkişafı regionun rifahını sığortalamaqda davam edəcək. Bu ittifaqın gücü həm də ondadır ki, tərəflərin hər biri digəri üçün əvəzedilməzdir: Azərbaycan resurs və kapital mənbəyi, Gürcüstan coğrafi keçid və Qərbə açılan qapı, Türkiyə isə qlobal hərbi-siyasi çətir və böyük istehlak/tranzit bazarıdır. Gələcək perspektivdə (növbəti 11-ci görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi qərara alınıb) bu formatın qarşısında duran əsas çağırış və imkanlar Cənubi Qafqazda Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və regional kommunikasiyaların (Zəngəzur dəhlizi daxil olmaqla) tam açılması fonunda regionun qlobal cazibə qüvvəsini maksimuma çatdırmaq olacaqdır. Sülhün bərqərar olması bu üçtərəfli oxun iqtisadi dividendini ikiqat artıracaq.

Sevinc Azadi, “İki sahil”