01 avqust 2026 15:26
129

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında yeni strateji mərhələnin əsasını qoyur

Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Ölkəmiz yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının etibarlı tərəfdaşı kimi qəbul olunur. Bu siyasətin mühüm istiqamətlərindən biri də Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, qardaş dövlətlərlə münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldilməsidir. Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana həyata keçirdiyi dövlət səfəri də məhz bu strateji xəttin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilməlidir.

Bu səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması iki qardaş ölkənin əlaqələrini ən yüksək siyasi-hüquqi səviyyəyə yüksəltdi. Bu sənəd təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə xidmət edən mühüm siyasi qərar kimi tarixə düşdü.

Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri Azərbaycanın gələcək xarici siyasət prioritetlərini aydın şəkildə ifadə edir. Dövlətimizin başçısı vurğuladı ki, bundan sonra da iki ölkə beynəlxalq platformalarda, iqtisadi-ticari münasibətlərdə, təhlükəsizlik məsələlərində və regional əməkdaşlıq istiqamətlərində qarşılıqlı dəstəyi davam etdirəcək. Bu yanaşma göstərir ki, Bakı ilə Bişkek arasında formalaşan münasibətlər artıq klassik diplomatik əlaqələr çərçivəsini aşaraq uzunmüddətli strateji əməkdaşlıq modelinə çevrilib.

Səfər çərçivəsində imzalanan sənədlər paketi əməkdaşlığın geniş spektrini əhatə edir. Siyasi dialoq, iqtisadiyyat, investisiya, nəqliyyat-logistika, enerji, humanitar sahələr və rəqəmsal inkişaf istiqamətlərində əldə olunan razılaşmalar qarşıdakı dövr üçün möhkəm hüquqi baza formalaşdırır. Bu sənədlər Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni mərhələnin başlandığını nümayiş etdirir.

Səfərin iqtisadi nəticələri xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin açıqladığı kimi, Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə razılıq əldə olunub. Bu qərar hər iki ölkədə birgə istehsal müəssisələrinin yaradılması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi və minlərlə yeni iş yerinin açılması baxımından mühüm əhəmiyyət daşıyır.

Fondun artıq fəaliyyətə başlamış layihələri göstərir ki, Azərbaycan investisiyaları Qırğızıstan iqtisadiyyatında real nəticələr verməyə başlayıb. İnvestisiya Fondunun maliyyə imkanlarının genişləndirilməsi isə bu prosesin daha da sürətlənəcəyindən xəbər verir. Bu, həm də Azərbaycanın regional investor kimi artan rolunun növbəti göstəricisidir.

İqtisadi əməkdaşlığın mühüm nümunələrindən biri də İssık-Kul gölünün sahilində inşa edilən "Baku Resort & SPA" beşulduzlu hotelidir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən və "Bakı" adını daşıyan bu müasir turizm kompleksi təkcə iqtisadi layihə deyil, həm də iki ölkə arasında dostluğun və qarşılıqlı etimadın rəmzinə çevrilib. Belə layihələr Azərbaycan kapitalının xaricdə uğurlu fəaliyyətinin nümunəsi olmaqla yanaşı, ölkəmizin iqtisadi diplomatiyasının effektivliyini də nümayiş etdirir.

Azərbaycan-Qırğızıstan münasibətlərinin ən mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin inşa olunması Qırğızıstanın Qarabağın bərpasına verdiyi qardaşlıq dəstəyinin bariz nümunəsidir. Bu məktəb təkcə təhsil ocağı deyil, həm də Türk dünyasının birliyini simvolizə edən mühüm mənəvi abidədir.

Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımız arasında ortaq tarixi, dili və mədəni irsi daha da yaxınlaşdırır. Bu layihələr göstərir ki, siyasi və iqtisadi münasibətlər humanitar əməkdaşlıqla tamamlanaraq uzunmüddətli strateji tərəfdaşlığın əsasını möhkəmləndirir.

Səfər zamanı dövlət başçılarının qarşılıqlı ali dövlət təltifləri ilə mükafatlandırılması xüsusi siyasi və mənəvi məna daşıyır. Prezident İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi onun Türk dünyasının inteqrasiyasına verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir. Öz növbəsində Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeni ilə təltif olunması qarşılıqlı hörmətin, etimadın və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin nümayişidir.

Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığında yeni mərhələnin başlanmasıdır. Çolpon-Ata şəhərində qəbul edilən Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığına dair Bəyannamə ölkəmizin region dövlətləri ilə münasibətlərini institusional əsasda inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi də ölkəmizin artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş statusunun növbəti təsdiqidir.

Bütün bunlarla yanaşı, Orta Dəhlizin inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi, enerji, logistika və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər açır. Hər iki ölkə Avrasiya məkanında nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsində mühüm tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha sübut etdi ki, Azərbaycan bu gün Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayan dövlətlərdən biridir. Dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində ölkəmiz etibarlı dostlar və strateji müttəfiqlər qazanır, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da gücləndirir.

Əminliklə demək olar ki, imzalanan müttəfiqlik müqaviləsi, qəbul olunan qərarlar və əldə edilən razılaşmalar Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişafı üçün etibarlı yol xəritəsi rolunu oynayacaq. Bu sənədlər iki qardaş dövlət arasında siyasi dialoqu daha da dərinləşdirəcək, iqtisadi əməkdaşlığı genişləndirəcək, təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcək və bütövlükdə Türk dünyasının birliyinə yeni güc verəcək.

Müşfiq Məmmədli,

Milli Məclisin deputatı