10 iyun 2026 17:18
140

Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb

Azərbaycan Güləş Federasiyası (AGF) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) yeni layihəyə start verib.

“İki sahil” xəbər verir ki, “Güləşlə sağlam yaşa” layihəsi məşhur güləş simalarını təhsil ocaqlarında məktəblilərlə görüşdürür. İlk belə görüş olimpiya və 2 qat dünya çempionu, AGF və MOK-un vitse-prezidenti Fərid Mansurovun iştirakıyla Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirin giriş hissəsində məktəbin direktoru Nuranə Hümbətova çıxış edərək gənc nəslin sağlam, vətənpərvər və fəal yetişməsində idmanın mühüm rol oynadığını vurğulayıb və layihə təşkilatçılarına minnətdarlığını bildirib.

Daha sonra F.Mansurovun idman yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Ardınca Olimpiya çempionu öz uğur hekayəsini bölüşüb, karyerası boyunca qarşılaşdığı çətinliklər və əldə etdiyi nailiyyətlər barədə danışıb. O, məktəblilərə məqsədyönlü olmağı, daim öz üzərlərində çalışmağı, sağlam həyat tərzi seçməyi tövsiyə edib. F.Mansurov təhsilin, idmanla məşğul olmağın və düzgün qidalanmanın önəmini xüsusi vurğulayıb. Görüş çərçivəsində məktəblilərin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Şagirdlər qonağa müxtəlif suallar ünvanlayıb, onun tövsiyələrini dinləyiblər. Tədbirin maraqlı hissələrindən biri də “Kahoot” platforması üzərindən təşkil olunan intellektual müsabiqə olub. Qaliblər, o cümlədən ən maraqlı sualların müəllifləri AGF tərəfindən hədiyyələrlə təltif edilib. Sonda Oolimpiya çempionunun iştirakı ilə imza mərasimi keçirilib, məktəblilər xatirə avtoqrafları əldə edib və kollektiv xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, güləş idman növünə marağın artırılması, milli idman dəyərlərinin təşviqi, həmçinin uşaq və yeniyetmələrin fiziki aktivliyə cəlb edilməsidir.