11 iyun 2026 17:34
163

Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü

15 İyun Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan ən mühüm tarixlərdən biridir. Bu gün xalqımız üçün əsl qurtuluş rəmzidir. Bu şanlı tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan, daim öz xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.

Ulu Öndərin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı dövlətçilik tariximizin ən parlaq səhifəsini təşkil edir. Xalqın təkidli tələbi ilə idarəçiliyi üzərinə götürən Ümummilli Lider, adını tarixə müstəqilliyimizin xilaskarı kimi həkk etdirdi. O, Azərbaycanı real parçalanma təhlükəsindən xilas etməklə yanaşı, ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımları atdı. Ulu Öndərin gərgin fəaliyyəti və qətiyyətli səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, dövlətçilik üçün böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi və sosial-iqtisadi dirçəlişə yol açan köklü islahatların təməli qoyuldu. Gələcəyə və konkret nəticələrə hesablanmış bu müdrik siyasət sayəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza qarşı davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.

Ulu Öndər müstəqilliyimizin həmin ağır mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi... Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətə saldı, xalq özü saldı".

Heydər Əliyevin 1993-cü ildə qoyduğu dövlətçilik təməlləri və uzaqgörən strategiya Azərbaycanı addım-addım gücləndirərək tarixi Şanlı Zəfərimizə apardı. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən regionun lider dövlətinə çevrildi.

15 İyun Qurtuluş Günündən başlayan inkişaf yolu, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılan parlaq Qələbə ilə öz məntiqi zirvəsinə çatdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Bu gün Milli Qurtuluş Gününün rəmzi mənası daha bir tarixi hadisə ilə zənginləşmişdir. 2021-ci il məhz iyunun 15-də — Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini ən ali səviyyəyə ucaldan Şuşa Bəyannaməsi imzalandı. Qurtuluş Günündə Şuşada atılan bu imza, Ulu Öndərin "Bir millət, iki dövlət" vəsiyyətinin və siyasi irsinin real həyatda təntənəsi oldu.

Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri, böyük qayıdış prosesi və Azərbaycanın qlobal arenadakı yüksək nüfuzu 15 İyun tarixinin xalqımıza bəxş etdiyi ən böyük reallıqlardır. Milli Qurtuluş Günü sadəcə təqvimdəki bir bayram deyil, o, müasir, müstəqil, qalib və qüdrətli Azərbaycanın rəsmi doğum günüdür. Bu əbədi və sarsılmaz əsər gələcək nəsillərə qürurla ötürülən ən böyük mirasımızdır.

Cəlal Əliyev,

YAP Masallı rayon təşkilatının əməkdaşı