30 iyul 2026 13:48
96

Azərbaycan dili - milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi irsimizin əbədi daşıyıcısı

Azərbaycan dili xalqımızın çoxəsrlik tarixi, zəngin mədəni irsi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələrinin ən qiymətli daşıyıcısıdır. Hər bir xalqın milli varlığını yaşadan, onun keçmişini bu günü ilə bağlayan, gələcəyini müəyyənləşdirən əsas amillərdən biri məhz ana dilidir. Xalqın tarixi yaddaşı, milli düşüncəsi, adət-ənənələri, ədəbiyyatı, incəsənəti və mənəvi sərvətləri ana dili vasitəsilə qorunur, inkişaf etdirilir və gələcək nəsillərə ötürülür. Bu baxımdan Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin, mənəvi birliyimizin və müstəqil dövlətçiliyimizin əsas rəmzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Qədim tarixi inkişaf yolu keçmiş Azərbaycan dili zəngin leksik tərkibi, yüksək ifadə imkanları, ahəngdarlığı və bədii-estetik xüsusiyyətləri ilə dünya dilləri sırasında özünəməxsus yer tutur. Dahi Azərbaycan şair və mütəfəkkirlərinin yaradıcılığı ilə daha da zənginləşən ana dilimiz xalqımızın milli özünüdərkinin formalaşmasında, mədəni irsinin qorunmasında və dövlətçilik ənənələrinin yaşadılmasında əvəzsiz rol oynamışdır.

Bununla yanaşı, tariximizin müxtəlif mərhələlərində ana dilimizin inkişafına süni maneələr yaradılmış, onun ictimai-siyasi və elmi mühitdə istifadəsi məhdudlaşdırılmağa çalışılmışdır. Xüsusilə sovet hakimiyyəti illərində Azərbaycan dilinin dövlət idarəçiliyində, ali təhsil və digər mühüm sahələrdə tamhüquqlu tətbiqinə müxtəlif məhdudiyyətlər qoyulmuş, milli dilin inkişafı müəyyən çətinliklərlə müşayiət olunmuşdur. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz ana dilinə bağlılığını qorumuş, onu milli varlığının ayrılmaz hissəsi kimi yaşatmışdır.

Ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər hər zaman prinsipial və cəsarətli mövqe nümayiş etdirərək milli maraqları qətiyyətlə müdafiə etmişdir. Məhz onun uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə müddəa daxil edilmişdir. Həmin dövrün siyasi reallıqları nəzərə alındıqda bu addım böyük siyasi iradənin, milli təfəkkürün və dövlətçilik məsuliyyətinin parlaq təzahürü idi. Bu tarixi qərar sonrakı illərdə müstəqil Azərbaycanın dil siyasətinin hüquqi və ideoloji əsaslarını formalaşdırmışdır.

Ümummilli Lider Heydər Əliyev ana dilinin xalqın milli varlığının əsas göstəricisi olduğunu vurğulayaraq deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.” Bu fikir Azərbaycan dilinin milli kimliyimizin qorunmasında, dövlətçilik şüurunun formalaşmasında və xalqımızın mənəvi bütövlüyünün təmin edilməsində oynadığı müstəsna rolu aydın şəkildə ifadə edir.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan dilinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi və onun qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirildi. Bununla da ana dilimiz müstəqil dövlətçiliyimizin əsas atributlarından biri kimi öz hüquqi statusunu daha da möhkəmləndirdi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin inkişafına xidmət edən mühüm qanunvericilik təşəbbüsləri həyata keçirildi. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman dövlət dilinin bütün sahələrdə tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Həmin ilin 9 avqust tarixli Fərmanı ilə isə hər il 1 Avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması təsis edildi. Bu qərar ana dilinə, milli əlifbamıza və milli-mənəvi dəyərlərimizə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi oldu.

Azərbaycan dilinin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım 2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun oldu. Bu qanun dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi sahəsində hüquqi mexanizmləri müəyyən etməklə Azərbaycan dilinin cəmiyyət həyatının bütün sahələrində geniş istifadəsinə etibarlı zəmin yaratdı.

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir. Dövlət dili ölkənin suverenliyini, milli birliyini və xalqın özünüdərkini ifadə edən ən mühüm atributlardan biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Ana dilimizi qorumaq və inkişaf etdirmək istiqamətində böyük addımlar atan dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, latın qrafikalı əlifbanın tətbiqinin genişləndirilməsi, terminologiyanın təkmilləşdirilməsi, elektron informasiya məkanında Azərbaycan dilinin imkanlarının artırılması və onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev Azərbaycan dilinin milli dövlətçiliyimiz üçün müstəsna əhəmiyyətini vurğulayaraq bildirmişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.” Bu yanaşma ana dilimizin saflığının qorunmasına, onun daxili inkişaf potensialının daha da gücləndirilməsinə və müasir dövrün tələblərinə uyğun zənginləşdirilməsinə verilən yüksək qiymətin ifadəsidir.

Qloballaşma və rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi daha da mühüm əhəmiyyət kəsb edir. İnformasiya texnologiyaları, süni intellekt, rəqəmsal kommunikasiya və elektron xidmətlər sahəsində ana dilimizin geniş tətbiqi milli-mənəvi irsimizin qorunması və gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, milli birliyimizin, suverenliyimizin və mənəvi bütövlüyümüzün ən möhkəm dayaqlarından biri kimi çıxış edir. Ana dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə olduğu kimi ötürülməsi hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Çünki dilini yaşadan xalq öz tarixini, milli kimliyini və dövlətçiliyini yaşadır. Əminliklə demək olar ki, xalqımızın milli-mənəvi dəyərlərinə söykənən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan dili bundan sonra da inkişaf edəcək, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən sarsılmaz mənəvi körpü kimi əbədi yaşayacaq və müstəqil Azərbaycan dövlətinin qüdrətinin, milli həmrəyliyinin və əbədi varlığının ən möhtəşəm rəmzlərindən biri olaraq gələcək nəsillərə qürurla ötürüləcəkdir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri