11 iyun 2026 22:57
87

Rusiyanın sərt üzü: Ermənistan iqtisadiyyatı qadağalara tab gətirəcəkmi?

Rusiya ilə Ermənistan arasında siyasi və iqtisadi gərginlik davam edir. Belə ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ("Rosselxoznadzor") vasitəsilə Ermənistandan əsas ərzaq və kənd təsərrüfatı mallarının idxalına, həmçinin tranzitinə ardıcıl qadağalar tətbiq edib. Tətbiq olunan əsas qadağalara gəlincə, 22 may tarixindən gül məhsullarının idxalına, 30 may tarixindən pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına məhdudiyyət qoyulub. 2 iyun tarixindən isə albalı, gilas, ərik, şaftalı, gavalı, nektarin, üzüm və diri balıq/balıq məhsullarının sertifikatlaşdırılması və idxalı dayandırılıb. Rusiya tərəfi iddia edir ki, baş verən proseslərə səbəb məhsullarda fitosanitar normaların və keyfiyyət standartlarının pozulmasıdır. Ermənistan isə bu addımları siyasi təzyiq kimi qiymətləndirir.

Ermənistanın “Past” nəşri “Rusiya niyə erməni xalqını cəzalandırır?” başlıqlı məqaləsində qeyd edib ki, Qərb və Rusiya uzun illərdir regionda təsir imkanlarını artırmaq üçün fərqli üsullardan istifadə edirlər. Məqaləyə görə, ABŞ və Avropa (Aİ) İttifaqı Ermənistanda ictimai təşkilatlar, təhsil proqramları və media vasitəsilə “yumşaq güc” siyasəti həyata keçirərək ictimai rəyə və dəyərlər sisteminə təsir göstərməyə çalışıb. “Rusiya isə uzun müddət öz coğrafi, hərbi və iqtisadi üstünlüyünə arxalanaraq Ermənistan cəmiyyətində müsbət imic formalaşdırmaq istiqamətində ciddi fəaliyyət göstərməyib. Lakin Moskva ilə İrəvan arasında fikir ayrılıqları dərinləşdikdən sonra Kreml dialoq və ictimai müzakirə yolunu deyil, iqtisadi təzyiq vasitələrini seçib. Bu siyasət xüsusilə seçki prosesləri fonunda daha qabarıq görünür. Nikol Paşinyanın və mövcud hakimiyyətin siyasi mövqelərini zəiflətmək məqsədilə Rusiya Ermənistana qarşı açıq iqtisadi məhdudiyyətlər tətbiq edir. Bu isə Verxni Lars keçid məntəqəsində yoxlamaların sərtləşdirilməsi, müxtəlif sanitar qadağalar və ixrac məhdudiyyətləri ilə özünü göstərir”, - deyə məqalədə qeyd edilib.

Nəşr hesab edir ki, bu siyasətin ən ağır nəticələrini siyasi elita deyil, kənd təsərrüfatı ilə məşğul olanlar, eləcə də kiçik və orta sahibkarlar yaşayır. Bildirilir ki, uzun illər məhsullarını Rusiya bazarına uyğunlaşdıran istehsalçılar hazırda ciddi maliyyə çətinlikləri ilə üz-üzə qalıblar. Məqalədə Ermənistan hakimiyyətinə ixrac bazarlarının şaxələndirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Avrasiya İqtisadi Birliyi çərçivəsində yaranmış problemlərin operativ həllinə çalışmaq tövsiyə olunur. Müəllif hesab edir ki, İrəvan hüquqi və institusional mexanizmlərdən istifadə etməklə yerli istehsalçıların maraqlarını müdafiə etməli, zərər çəkmiş sahibkarlar üçün kredit tətilləri və subsidiyalar kimi dəstək proqramları tətbiq etməlidir.

Məlumdur ki, Ermənistan iqtisadiyyatı struktur baxımından Rusiyadan asılı vəziyyətdədir. Ölkənin kənd təsərrüfatı və qida sənayesi ixracatının böyük hissəsi birbaşa Rusiya bazarına yönəlib: Ermənistanın balıq ixracının 97 faizi, tərəvəz ixracının 98 faizi və meyvə ixracının 93 faizi Rusiya bazarından asılıdır. Ticarət qadağaları ilə yanaşı, Rusiya Ermənistana 2013-cü ildə imzalanmış ikitərəfli müqavilə ilə verilən güzəştli (rüsumsuz) təbii qaz və neft tədarükünü dayandıracağı ilə hədələyir. Bu, Ermənistan daxilində ciddi enerji və sosial böhrana səbəb ola biləcək ən ağır rıçaq kimi qiymətləndirilir. Moskva bu addımlarla erməni xalqına və baş nazir Nikol Paşinyanın Qərbpərəst hökumətinə mesaj verir: "Rusiyadan uzaqlaşmağın bədəli iqtisadi fəlakətdir".

Əsas ixrac bazarının itirilməsi riski fonunda baş nazir Nikol Paşinyan zərər çəkən fermerlərə subsidiyalar veriləcəyini açıqlayıb. Ermənistan hökuməti ən çox zərər çəkən istixana məhsulları (çiyələk, pomidor, bibər) və təzə güllər üçün əsas alternativ kimi Avropanı görür. Ermənistan İqtisadiyyat Nazirliyi Rusiya qadağalarına cavab olaraq fermerlərin Avropaya yönəlməsini stimullaşdırmaq üçün birbaşa kompensasiya paketi təsdiqləyib. Hökumət ixrac edilən hər kiloqram çiyələk üçün təxminən 2,1 dollar, pomidor üçün 75 sent, bibər üçün isə 1,10 dollar kompensasiya ödəyəcəyini, həmçinin Aİ-yə ixrac zamanı gömrük rüsumlarını tamamilə qarşılayacağını elan edib. Maneələrə gəlincə qeyd olunmalıdır ki, Avropa bazarı yüksək keyfiyyət və ciddi fitosanitar (CE, Euro Leaf və s.) sertifikatlar tələb edir. Erməni istehsalçılarının böyük hissəsi (təxminən 90 faizi kiçik fermerlərdir) hələ bu standartlara tam cavab vermir. Həmçinin loqistika xərcləri (Avropaya daşınma) Rusiya ilə müqayisədə xeyli bahadır.

Ermənistanın qida emalı sənayesi, xüsusən də quru meyvələr, konservlər, quzu əti, siqaret və mineral sular üçün ən real və sürətlə böyüyən istiqamətlərdən biri Yaxın Şərqdir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də hazırda Ermənistanın (qızıl re-ixracı sayəsində) ikinci ən böyük ticarət tərəfdaşına çevrilib. İrəvan bu qurulmuş logistik kanallardan istifadə edərək Körfəz ölkələrinin zəngin market rəflərinə premium erməni meyvə suları, konservləri və aqrar məhsullarını daxil etməyə çalışır. Bundan əlavə, Ermənistan İqtisadiyyat Nazirliyi Çin bazarına çıxışı asanlaşdırmaq üçün nəqliyyat və gömrük xərclərinin kompensasiyası proqramını genişləndirib. Çinə əsasən spirtli içkilər (erməni şərabları və konyakı) və qablaşdırılmış qida məhsulları ixrac edilməsi hədəflənir. Lakin bu bazarın da coğrafi uzaqlığı təzə aqrar məhsulların (meyvə-tərəvəz) daşınmasını qeyri-mümkün edir.

Göründüyü kimi, hökumətin "yeni bazarlar tapılıb" bəyanatlarına baxmayaraq, Ermənistandakı yerli iqtisadi ekspertlər və ixracatçılar ittifaqları ("Export Armenia" kimi təşkilatlar) mövcud strategiyanı tənqid edirlər. Diversifikasiya və ixracın təşviqi proqramlarına ayrılan dövlət vəsaiti real ehtiyacın (milyard dollarlıq Rusiya bazarının itkisinin) 10 faizini belə qarşılamır. Həmçinin Ermənistan qida sənayesi beynəlxalq bazarlarda Türkiyə, İran və Özbəkistan kimi nəhəng və ucuz istehsal xərclərinə malik ölkələrlə rəqabət aparmaqda çətinlik çəkir. Ermənistanda soyuq zəncir (cold-chain) anbar komplekslərinin və müasir logistik koordinasiyanın zəif olması məhsulların uzaq bazarlara xarab olmadan çatdırılmasına imkan vermir.

Erməni eksperlərinin fikrincə, Ermənistan qida məhsulları üçün yeni bazarlar tapmağa cəhd etsə də, Rusiya bazarından 90 faizin üzərində olan asılılığı qısamüddətli dövrdə (1-2 il ərzində) tamamilə əvəz etmək mexaniki olaraq mümkün görünmür. Dövlətin verdiyi ixrac subsidiyaları isə yalnız müvəqqəti xarakter daşıyır və fermerlərin kütləvi müflisləşməsinin qarşısını almağa yönəlmiş humanitar-iqtisadi addımdır.

Sevinc Azadi, “İki sahil”