Ekspert: Bütün müəssisələrin eyni saatda fəaliyyətə başlamaması nəqliyyat axınının gün ərzində daha balanslı paylanmasına imkan yaradır
Son illər Bakıda müşahidə olunan nəqliyyat sıxlığı paytaxtın ən aktual problemlərindən biri olaraq qalır. Əhalinin və avtomobillərin sayının artması, şəhərətrafı ərazilərdən paytaxta gündəlik hərəkətin intensivləşməsi, eyni zamanda, minlərlə insanın işə və təhsil müəssisələrinə eyni saatlarda yollanması səhər və axşam saatlarında ciddi tıxacların yaranmasına səbəb olur. Məhz bu problemin həlli istiqamətində hökumət tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlər sırasında diqqət çəkən yeniliklərdən biri də dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin fəaliyyətinin dəyişkən iş qrafiki əsasında təşkil olunmasıdır. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapan bu yanaşmaya əsasən, gələcəkdə bütün müəssisələrin eyni saatda fəaliyyətə başlamasının qarşısının alınması planlaşdırılır. Məqsəd işə və təhsil müəssisələrinə gediş-gəlişin gün ərzində daha bərabər bölüşdürülməsi, pik saatlarda nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın üzərinə düşən yükün azaldılmasıdır.
Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən aparılan təhlillərin yaxın vaxtlarda başa çatdırılması gözlənilir. Bundan sonra Nazirlər Kabinetinin müəyyən edəcəyi siyahılar əsasında ayrı-ayrı sektorlar üzrə fərqli iş saatlarının tətbiqinə başlanıla bilər. Beynəlxalq təcrübə də göstərir ki, işə başlama saatlarının mərhələli şəkildə təşkili şəhər nəqliyyatının daha səmərəli idarə olunmasına, ictimai nəqliyyatda sərnişin axınının tənzimlənməsinə və yol infrastrukturuna düşən yükün azalmasına müsbət təsir göstərir.
Lakin mütəxəssislər hesab edirlər ki, dəyişkən iş qrafiki nəqliyyat probleminin yeganə həll yolu deyil. Bu modelin uğurlu nəticə verməsi üçün ictimai nəqliyyatın əlçatanlığının artırılması, marşrut şəbəkəsinin təkmilləşdirilməsi, sərnişinlər üçün rahat və keyfiyyətli xidmətin təmin olunması da vacib amillər sırasında yer alır.
Bəs dəyişkən iş qrafiki Bakıda nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər və dünya təcrübəsi bu barədə nə deyir?

Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, beynəlxalq təcrübə dəyişkən iş qrafikinin nəqliyyat sıxlığının azaldılmasında müəyyən rol oynaya biləcəyini göstərir. Onun sözlərinə görə, bu model daha çox istehsal, xidmət və avtomatlaşdırılmış iş proseslərinin mövcud olduğu sahələrdə effektiv nəticə verir: “Bəzi müəssisələrdə iş vaxtı səhər saatlarından deyil, günün daha sonrakı saatlarından başlaya bilər. Məsələn, iş günü saat 13:00-da başlayaraq 21:00-da başa çata bilər. Bu, şəhərdə bütün iş yerlərinin eyni vaxtda fəaliyyətə başlamasının qarşısını alar və nəqliyyat axınının gün ərzində daha bərabər paylanmasına kömək edə bilər.
Lakin elə sahələr var ki, onların fəaliyyətinin səhər saatlarında başlaması daha məqsədəuyğundur. Xüsusilə təhsil müəssisələrində dərs prosesinin səhər saatlarında təşkili həm tədrisin səmərəliliyi, həm də şagird və tələbələrin gündəlik rejimi baxımından daha əlverişlidir. Buna görə də dəyişkən iş qrafikinin tətbiqi sahələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Eyni zamanda, bu modelin uğurlu olması üçün ictimai nəqliyyat sisteminin də gücləndirilməsi vacibdir. Günün bütün saatlarında, xüsusən axşam saatlarında avtobusların fasiləsiz və rahat işləməsi təmin edilməlidir. Bu gün bir çox hallarda axşam saat 22:00-dan sonra ictimai nəqliyyatdan istifadə etmək çətinləşir. İnsanların şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyata üstünlük verməsi üçün rahatlıq, əlçatanlıq və vaxtında xidmət əsas şərtlərdir”.
Əgər sərnişinlər komfortlu və etibarlı ictimai nəqliyyat xidmətindən istifadə edə bilsələr, bu, həm yollardakı avtomobil sayının azalmasına, həm də ümumi nəqliyyat yükünün yüngülləşməsinə səbəb olar. Bu baxımdan dəyişkən iş qrafiki nəqliyyat sıxlığının azaldılmasına yönəlmiş tədbirlərdən biri olsa da, onun effektivliyi ictimai nəqliyyatın inkişafı və hərəkətin düzgün təşkili ilə birbaşa bağlıdır”.
Nigar Orucova, "İki sahil"