15 iyun 2026 14:00
193

Azərbaycan dövlətçiliyinin xilası

Azərbaycanın müasir tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti təkcə müəyyən bir dövrü deyil, bütöv bir xalqın taleyini və gələcəyini müəyyənləşdirir. Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. 15 İyun – Milli Qurtuluş Günü də ilk növbədə Heydər Əliyevin xalqın çağırışına cavab verərək ölkənin siyasi hakimiyyətinə qayıdışı, Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etməsi və müstəqil dövlət quruculuğunun əsaslarını yaratması ilə bağlıdır.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb geosiyasi və daxili siyasi şəraitdə fəaliyyət göstərməyə başladı. Sovet İttifaqının dağılmasından sonra ölkədə yaranmış idarəetmə boşluğu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, iqtisadi böhran və siyasi qeyri-sabitlik müstəqilliyin taleyini ciddi təhlükə altına salmışdı. Dövlət institutları zəifləmiş, hakimiyyət böhranı dərinləşmiş, ölkədə anarxiya və özbaşınalıq hökm sürməyə başlamışdı. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yarıtmaz AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdur. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar Azərbaycanı onlarla düşmən etmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü.

Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. Azərbaycanın müxtəlif bölgələrindən gələn müraciətlər, ziyalıların və ictimaiyyət nümayəndələrinin çağırışları xalqın Heydər Əliyevə olan böyük etimadının ifadəsi idi.

1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdışı və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə həkk olundu. Çünki məhz həmin gündən etibarən Azərbaycan dövlətçiliyinin xilası prosesi başladı, ölkədə sabitlik və inkişaf üçün möhkəm zəmin formalaşdırıldı.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri onun dövlətçilik təfəkkürü, qətiyyəti, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi və uzaqgörənliyi idi. O, hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına nail oldu. Dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırıldı. Bu addımlar Azərbaycanın müstəqilliyinin qorunması üçün həyati əhəmiyyət daşıyırdı.

Ulu Öndər yaxşı bilirdi ki, güclü dövlət yalnız sabitlik şəraitində inkişaf edə bilər. Buna görə də O, dövlət quruculuğunu prioritet vəzifə kimi müəyyənləşdirdi. Məhz onun rəhbərliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin hüquqi-siyasi inkişafında yeni mərhələnin əsasını qoydu.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində də mühüm rol oynadı. Onun təşəbbüsü ilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət kursu ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratdı. Azərbaycanın milli maraqlarını əsas götürən bu siyasət ölkənin müstəqilliyini möhkəmləndirdi və beynəlxalq nüfuzunu artırdı.

1994-cü ildə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişi də Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi idi. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu, ölkəyə milyardlarla dollar həcmində investisiya cəlb edilməsinə imkan yaratdı və Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsini təmin etdi. Sonrakı illərdə əldə olunan iqtisadi uğurların təməlində məhz həmin strateji qərarlar dayanırdı.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də milli birlik və həmrəylik ideyasını möhkəmləndirməsi oldu. O, Azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Bu ideologiya milli-mənəvi dəyərlərin qorunmasına, xalqın vahid məqsəd ətrafında birləşməsinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət etdi.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Bu gün Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya və yüksək beynəlxalq nüfuza malik dövlətdir. Son illərdə ölkənin əldə etdiyi uğurlar, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması istiqamətində qazanılan tarixi nailiyyətlər də məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının məntiqi nəticəsidir.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız bir tarixi hadisə deyil, həm də xilaskarlıq missiyasının, siyasi müdrikliyin və dövlətçilik iradəsinin təcəssümü kimi yaşayır. Azərbaycan dövlətçiliyinin qorunması, sabitliyin bərpası və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, zəngin idarəçilik təcrübəsi və xalqa bağlılığı sayəsində mümkün olmuşdur. 

Prezident İlham Əliyev qeyd etmişdir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

Zamin Məmmədov, “İki sahil