12 iyun 2026 21:16
110

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb

İyunun 12-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Milli Məclisin sədri bu iclasın müstəqil Azərbaycanın taleyində dönüş yaratmış bir hadisənin ildönümü ərəfəsində keçirildiyini deyib. Bildirib ki, iyunun 15-də xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək. Bu gün müasir tariximizdə müstəsna yer tutur. Milli Məclisin sədri qeyd edib ki, 1993-cü ildə və sonrakı dövrdə Ulu Öndərin həyata keçirdiyi milli qurtuluş missiyası ilə müasir Azərbaycanın nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu əminliklə söyləmək mümkündür. Torpaqlarımızın 30 illik işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması, Azərbaycanın nüfuzlu və güclü bir dövlətə çevrilməsi, hər il, hər ay müşahidə etdiyimiz digər uğurlar Heydər Əliyev siyasi xəttinin ardıcıl surətdə davam etdirilməsinin nəticəsidir.

Sonra Sahibə Qafarova təklif edib ki, Milli Qurtuluş Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın. Təklif alqışlarla qarşılanıb.

Sonra iclasda gündəmdə olan məsələlərlə bağlı müzakirələr aparılıb.

Aktual məsələlərin müzakirəsindən sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda 10 məsələnin müzakirə ediləcəyini bildirib. O, gündəliyin birinci məsələsinin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) olduğunu deyib. Sədr məsələ ilə əlaqədar hökumət üzvlərinin, Hesablama Palatasının rəhbərliyinin, digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə məlumatı nəzərə çatdırıb.

Maliyyə naziri Sahil Babayev çıxış edərək bildirib ki, 2025-ci il üçün dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsiplərinə müvafiq şəkildə icra edilib.

Diqqətə çatdırılıb ki, 2025-ci ildə ölkəmizdə ümumi daxili məhsul real ifadədə 1,4 faiz artaraq 129,1 milyard manat təşkil edib, adambaşına düşən Ümumi Daxili Məhsul artaraq 12,6 min manat olub. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, ötən ildə qeyri-neft sektorunda 2,7 faiz real artım əldə olunub, ÜDM-in 72 faizi və yaxud 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft ixracı 8,1 faiz artaraq 3,6 milyard dollara çatıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini diqqətə çatdırıb.

Sonra məsələ ətrafında geniş müzakirələr aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova müzakirələrdə səslənən bütün çıxışlarda müsbət fikirlərin söylənildiyini, təkliflərin verildiyini bildirib və məsələni səsə qoyub.

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsindən biri beynəlxalq sənədlə bağlıdır, digəri səfirliyin təsis edilməsi haqqındadır, ikisi isə uyğunlaşdırma xarakteri daşıyır. O, bu qanun layihələrinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə qanun layihəsini təqdim edib.

Məsələyə dair Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu komitənin müsbət rəyini açıqlayıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.

Milli Məclisin Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Samir Vəliyev məsələ barədə fikirlərini açıqlayaraq, Portuqaliyada səfirliyin təsis edilməsinin ölkəmizin xarici siyasət prioritetlərinə, milli maraqlarına və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edən mühüm təşəbbüs olduğunu qeyd edib.

Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov təmsil etdiyi komitənin rəyini bildirərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Tənzimlənən qiymətlər haqqında” qanunlara yeni maddələrin əlavə edilməsinin nəzərdə tutulduğunu deyib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə əlaqədar rəhbərlik etdiyi komitənin rəyini açıqlayaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna edilən dəyişiklikdən bəhs edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, gündəliyin növbəti iki məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. O, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.

Dəyişikliklə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitəsinin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin səkkizinci məsələsi olan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin son iki məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, deputatları müzakirələrdə birinci oxunuşun tələblərinə riayət etməyə çağırıb və İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb. Sədr bildirib ki, məsələ ilə bağlı iclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov iştirak edir.

Qanun layihəsi barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan qanun layihəsi haqqında komitələrinin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsinin müzakirəsində Milli Məclis sədrinin müavini Musa Qasımlı, deputatlar Azay Quliyev, Kamal Cəfərov, Fariz İsmayılzadə, Əminə Ağazadə, Elçin Mirzəbəyli çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi - Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, qanun layihəsinə dair rəhbərlik etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclasına yekun vurulub.

AZƏRTAC