Bakı Kristal Zalında “RobotChallenge 2026” yarışının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, 205 komandanın iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Həmçinin Azərbaycan və Çin mədəniyyətini əks etdirən rəqs nömrələri təqdim edilib.
Bildirilib ki, yarışın əsas məqsədi gənclərin texnologiyalara marağını artırmaq, onların beynəlxalq platformalara çıxış imkanlarını genişləndirmək və innovativ düşüncə tərzini təşviq etməkdir.
Gənclər və İdman Nazirliyi və “Azercell”in əsas dəstəyi, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İnnovasiyalar Mərkəzi, “Innoland”, “Azərkosmos” və STEAM Azərbaycanın tərəfdaşlığı ilə təşkil olunan tədbir dünyanın aparıcı beynəlxalq texnologiya yarışlarından biri olan “RobotChallenge”in Azərbaycan üzrə yerli mərhələsidir.
Çin mənşəli beynəlxalq texnologiya platforması olan “RobotChallenge” gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik və innovasiya sahələrində bilik və bacarıqlarının inkişafını dəstəkləyən nüfuzlu yarışlardan hesab olunur. Layihənin Azərbaycanda ilk dəfə keçirilməsi ölkənin STEAM və texnologiya ekosisteminin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.
Müsabiqə çərçivəsində müxtəlif yaş kateqoriyalarını təmsil edən iştirakçılar robototexnika, süni intellekt, proqramlaşdırma və innovasiya istiqamətləri üzrə layihə və bacarıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, “RobotChallenge Azerbaijan 2026” yarışının qalibləri Çində keçiriləcək beynəlxalq mərhələdə Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar. Yarış iyunun 14-dək davam edəcək.