15 iyun 2026 17:25
218

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasını qoyan sənəddir - Şamil Ayrım/ÖZƏL

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasını qoyan mühüm sənəddir. 

Bu sözləri “İki sahil”ə özəl açıqlamasında Şuşada təşkil olunan “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım bildirdi. 

Onun sözlərinə görə, bu günə qədər Azərbaycan və Türkiyə arasında çox mühüm layihələr həyata keçirilib: "Ermənistanla mövcud problemlər səbəbindən regionda bir sıra layihələr alternativ marşrutlar üzrə reallaşdırılıb. Azərbaycanın zəngin yeraltı sərvətləri 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən sonra beynəlxalq bazarlara çıxarılmağa başlanıb. Azərbaycan nefti Gürcüstan və Türkiyə üzərindən Ceyhan limanına çatdırılır və oradan dünya bazarlarına ixrac edilir. Eyni zamanda, Azərbaycan qazı da Bakı-Tbilisi marşrutu ilə Türkiyəyə nəql olunur. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu layihələrə nəzər saldıqda Azərbaycan, Gürcüstan və Türkiyənin uğurlu əməkdaşlığını görürük.”

Şamil Ayrım, regionda davamlı sülhün və sabitliyin tərəfdarı olduqlarını vurğuladı: “Arzumuz budur ki, bölgənin bütün ölkələri bu əməkdaşlıq və iqtisadi imkanlardan faydalansın. Güclü iqtisadiyyatlar və qarşılıqlı əməkdaşlıq sülhün möhkəmlənməsinə xidmət edir. Əgər, vaxtilə Ermənistan rəhbərliyi daha uzaqgörən siyasət yürütmüş olsaydı, bu layihələrin bir çoxu onun ərazisindən keçə bilərdi və ölkə bundan ciddi iqtisadi gəlir əldə edərdi.”

Həmsöhbətimiz hazırda regionda yeni və strateji əhəmiyyət daşıyan layihələr həyata keçirildiyini diqqətə çatdıraraq qeyd etdi ki, bunlardan biri Çin tərəfindən irəli sürülmüş “Bir Kəmər, Bir Yol” təşəbbüsüdür: “Azərbaycan, Türkiyə və digər türk dövlətləri bu layihəyə böyük maraq göstərirlər. Əslində bu təşəbbüs tarixi İpək Yolunun müasir dövrdə yenidən canlandırılmasıdır. Yeni nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımalar daha sürətli və səmərəli şəkildə həyata keçiriləcək. Bundan başqa, enerji sahəsində də mühüm layihələr reallaşdırılır. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılması istiqamətində yeni imkanlar yaradılır. Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan enerji xətləri və elektrik kabeli layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Həmçinin Türkiyə üzərindən Avropaya enerji daşımalarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu layihələr region üçün böyük əhəmiyyət daşıyır. Türkiyənin əsas məqsədlərindən biri Azərbaycan və Orta Asiya ölkələrinin enerji resurslarını Türkiyə üzərindən Avropa bazarlarına çatdırmaqdır. Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa alternativ enerji mənbələrinə ciddi ehtiyac duyur. Azərbaycan isə bu istiqamətdə etibarlı tərəfdaş kimi çıxış edir.”

Türkiyə Böyük Millət Məclisinin deputatı qeyd etdi ki, region ölkələri əməkdaşlıq etsələr, bu layihələrin faydalarını bölüşsələr və qarşılıqlı etimad mühitini gücləndirsələr, bölgədə sülhün və rifahın təmin olunmasının daha asan olacaq: "Heç bir ölkə güc nümayiş etdirmək və ya təzyiq siyasəti yürütmək yolu ilə uğur qazana bilməz. İnsanlar, xüsusilə də gənclər müharibələrin qurbanına çevrilməməli, anaların göz yaşı axıdılmamalıdır. Biz dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşma tərəfdarıyıq. Bölgənin iqtisadi inkişafı və rifahı məhz bu prinsiplər üzərində qurulmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez vurğuladığı kimi, “Dünya beşdən böyükdür”. Dünyada daha ədalətli beynəlxalq münasibətlər sistemi qurulmalıdır. Bu məqsədə isə gənclər, jurnalistlər, iş adamları, siyasətçilər və sülhə inanan bütün insanlar birlikdə çalışaraq nail ola bilərlər. Unutmayaq ki, dünya hər kəs üçün kifayət qədər imkanlara malikdir. Əsas məsələ bu imkanları düzgün idarə etmək və ədalətli şəkildə bölüşməkdir.”

Şahnigar Əhmədova, “İki sahil”
Şuşa