16 iyun 2026 17:45
83

Beynəlxalq arbitraj Qara dəniz və Kerç boğazı ilə bağlı iş üzrə qərarını açıqlayıb

2026-cı il aprelin 22-də BMT-nin Dəniz Hüququ Konvensiyası (UNCLOS) çərçivəsində yaradılmış arbitraj tribunalı Ukrayna ilə Rusiya arasında Qara dəniz, Azov dənizi və Kerç boğazında sahilyanı dövlət hüquqları ilə bağlı mübahisə üzrə yekun qərar qəbul edib. İş üzrə araşdırmalar təxminən on il davam edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, məhkəmə Ukraynanın qaldırdığı iddiaların böyük hissəsini təmin etməyib. Tribunal Rusiyanın Kerç körpüsünün tikintisi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı müəyyən öhdəlikləri pozduğunu müəyyən etsə də, Ukraynanın Rusiyanın Kerç boğazı üzərində qanunsuz müstəsna nəzarət qurduğu barədə əsas iddialarını rədd edib.

Qərarda Ukraynaya hər hansı maliyyə kompensasiyasının ödənilməsi nəzərdə tutulmayıb və tərəflərin öz hüquqi xərclərini özlərinin qarşılaması qərara alınıb.

Eyni zamanda, tribunal Azov dənizi və Kerç boğazının yalnız Rusiyaya məxsus sular olması barədə mövqeni qəbul etməyib. Qərarda bu akvatoriyaların həm Ukraynanın, həm də Rusiyanın daxili suları statusunu daşıdığı vurğulanıb və Ukraynanın sahilyanı dövlət kimi hüquqlarının beynəlxalq hüquq baxımından qüvvədə qaldığı qeyd olunub.