Böyük Britaniyanın Baş naziri Kir Starmer, La Manş boğazında Britaniya yaxtasının "təhlükəli şəkildə yaxınlaşması" zamanı xəbərdarlıq atəşi açan Rusiyanın "Admiral Qriqoroviç" freqatı ilə bağlı baş vermiş insidentə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Starmer freqat heyətinin hərəkətini ehtiyatsızlıq və məsuliyyətsizlik kimi qiymətləndirib.
"Manş boğazında baş verənlər dərin narahatlıq doğurur. Bu, baş verməməli idi... və yaxtadakı cütlük, yəqin ki, dəhşətli anlar yaşayıb", - deyə Britaniyanın Baş naziri G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Böyük Britaniya bayrağı altında üzən "Bright Future" yelkənli yaxtası Rusiya gəmisi ilə təhlükəli yaxınlaşma kursu ilə hərəkət edib. Freqat heyəti beynəlxalq radio kanalı vasitəsilə yaxta ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, heç bir cavab ala bilməyib.
Diqqəti cəlb etmək üçün siqnal raketlərindən və səs siqnallarından istifadə olunub, lakin yaxta hərəkətini davam etdirib. Bu səbəbdən freqat komandiri atıcı silahlardan xəbərdarlıq atəşinin açılması barədə qərar qəbul edib.